Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS sammitində BƏƏ dövlət naziri Xəlifə Şahin Əl-Mərarın çıxışı ilə bağlı yaydığı yazılı açıqlamada bildirilib.
Açıqlamaya əsasən, Əl-Mərar çıxışında İranın BƏƏ-yə və region ölkələrinə qarşı hücumlarının BMT Nizamnaməsinin, beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulması olduğunu qeyd edib.
Nazir bildirib ki, BƏƏ ABŞ və İsrailin İrana hücumlarından sonra başlayan müharibədə guya “fəal rol oynadığı” ilə bağlı bütün ittiham və təhdidləri qətiyyətlə rədd edir.
Əl-Mərar vurğulayıb ki, BƏƏ öz suverenliyini istənilən təhdiddən qorumaq üçün bütün zəruri diplomatik, hüquqi və hərbi hüquqlara malikdir.
Bundan əlavə, o, İranı Hörmüz boğazında dəniz gəmiçiliyinə mane olmaqda ittiham edib. Nazir qeyd edib ki, ticarət gəmilərinə hücumlar və boğazdan iqtisadi təzyiq aləti kimi istifadə regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün təhdid yaradır.
Əl-Mərarın sözlərinə görə, 2026-cı il fevralın 28-dən etibarən BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan təxminən 3 min ballistik və qanadlı raketi, həmçinin pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Nazir bildirib ki, hücumların hədəfi BƏƏ-nin mülki infrastrukturu olub və İran beynəlxalq və regional qınaqlara baxmayaraq hücumları davam etdirir.
Əl-Mərar bütün nəticələrə görə məsuliyyəti İranın üzərinə qoyub və regional sabitliyin təmin olunması üçün dövlət suverenliyinə hörmətin, dialoqun gücləndirilməsinin və beynəlxalq hüquqa əməl edilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Tehran hakimiyyəti BƏƏ-ni İrana qarşı hücumlar üçün öz ərazisini təqdim etməkdə və müharibədə “fəal rol oynamaqda” ittiham etmişdi.
Sevinc Əliyeva
Ordu.az