Paşinyanın partiyasının 7-ci nömrəsi nə qədər qazanır? – Rubinyanın bəyannaməsi yayımlanıb

2026/05/1778907489.jpg
Oxunub: 391     08:52     16 May 2026    
“2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi qüvvələrin namizədlərinin bioqrafiyaları və əmlak bəyannamələri təqdim olunmağa davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşgə görə, bu dəfə diqqət mərkəzində “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısında 7-ci sırada yer alan Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan olub.

Qəzetin məlumatına görə, Rubinyanın 2025-ci il üzrə illik bəyannaməsindən məlum olur ki, onun İrəvanda mənzili və avtomobil dayanacağı var.

“Kanach Tax” MMC-dən alınmış mənzilin dəyəri 47 milyon dram, avtomobil dayanacağının dəyəri isə 5 milyon dram təşkil edib. Hər iki daşınmaz əmlak 2024-cü il noyabrın 26-da əldə olunub və Rubinyanın şəxsi mülkiyyəti hesab olunur.

Parlament sədrinin müavini nəqliyyat vasitəsi bəyan etməsə də, istiqrazlara investisiya yatırıb. Məlumata görə, Rubinyan 2025-ci il noyabrın 4-də “Hayekonombank” ASC-dən 6 milyon dramdan çox dəyərində istiqraz alıb. Həmin ilin dekabrın 19-da isə əlavə olaraq 4 milyon dramdan çox istiqraz əldə edib”, - deyə nəşr bildirib.

Müəllif bildirib ki, Rubinyan həmçinin 5 milyon dram bank əmanəti bəyan edib.

“Onun bank hesablarında ilin sonuna olan vəsaitin məbləği 1 milyon 453 min dramdan çox olub. O, nağd vəsait bəyan etməyib. Bəyannaməyə əsasən, Ruben Rubinyanın illik gəliri 22 milyon 847 min dramdan çox təşkil edib. Bunun 17 milyon 886 min dramını parlament aparatından əməkhaqqı kimi alıb.

Bununla yanaşı, onun kredit öhdəliklərinin hələ də yüksək olduğu qeyd olunur. 2025-ci il dekabrın 31-nə olan məlumata görə, mənzil alınması üçün götürülmüş kreditin əsas borc qalığı təxminən 31 milyon 932 min dram təşkil edib. Hesabat dövründə kredit ödənişlərinə 5 milyon dramdan çox vəsait yönəldilib.

Ruben Rubinyan təhsilinə görə beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. O, 2010-cu ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib, daha sonra təhsilini London Universitet Kollecində və Polşanın Yagellon Universitetində davam etdirərək siyasət, təhlükəsizlik və Avropaşünaslıq sahələrində magistr dərəcələri alıb”, - deyə nəşr bildirib.

“Joğovurd” qeyd edib ki, Rubinyan “Vətəndaş Müqaviləsi” partiyasının təsisçi üzvlərindən biridir.

“Müxtəlif illərdə partiyanın idarə heyətinin üzvü və mətbuat katibi olub. 2018-ci ilə qədər “Ararat News”da, “BetConstruct” şirkətində çalışıb və “Tumo” üçün tərcümələr edib. 2018-ci ildə Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub, 2021-ci il avqustun 3-dən isə Ermənistan parlamenti sədrinin müavini seçilib”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin