Ordu.az xəbər verir ki, ilkin olaraq 36 ədəd nəzərdə tutulan satınalmanın hazırkı hesablamalara görə 30 təyyarəyə qədər azaldılması mümkündür.
İsveçrə Federal Şurası 2026-cı ilin martında proqram üçün daha əvvəl təsdiqlənmiş 6,04 milyard İsveçrə frankı məbləğində büdcəyə əlavə olaraq 394 milyon frank ayrılmasını tələb edib.
Bildirilir ki, yekun xərc və təhvil veriləcək təyyarələrin sayı ABŞ administrasiyası, “Lockheed Martin” və “Pratt & Whitney” ilə aparılan danışıqların nəticəsindən asılı olacaq. Dəqiq rəqəmlərin 2027-ci ilin ikinci rübünə qədər məlum olmaya biləcəyi qeyd edilir.
İsveçrə F-35A platformasını 2020-ci ildə keçirilən referendumdan sonra gələcəyin əsas döyüş təyyarəsi kimi seçmişdi. Lakin 2025-ci ildə aparılan qiymətləndirmələrdə 36 təyyarəlik paketin xərcinin 1,3 milyard İsveçrə frankına qədər arta biləcəyi qəbul olunub.
Bu artım səbəbindən təhvil veriləcək təyyarələrin sayının azaldılması məsələsi gündəmə gəlib.
Məlumata görə, ABŞ tərəfi F-35-in “Block 4” modernizasiya paketinin əhatə dairəsini daraltmağı nəzərdən keçirir. Bu isə İsveçrəyə təhvil veriləcək təyyarələrdə bəzi imkanların sonrakı mərhələlərdə və əlavə xərc hesabına inteqrasiya olunması ehtimalını artırır.
İsveçrədə bəzi siyasi dairələr F-35A-nın aşağı intensivlikli hava polisliyi missiyaları üçün həddindən artıq qabaqcıl və bahalı həll olduğunu müdafiə edir.
Alternativ təkliflər arasında mövcud “Boeing” F/A-18 “Hornet” təyyarələrinin xidmətdə saxlanılması və “Leonardo” M-346FA yüngül hücum təyyarələri ilə qarışıq donanmanın yaradılması da yer alır.
İsveçrənin hava hücumundan müdafiə sistemlərinin modernizasiyasında yalnız F-35A proqramı deyil, MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemi tədarükü də qeyri-müəyyənliklə üzləşib.
Bern hökuməti 2022-ci ildə beş “Patriot” batareyası sifariş etmişdi. Lakin Ukrayna və Yaxın Şərqdə intensiv istifadə səbəbindən istehsal təqvimində gecikmələr yaşanır. İsveçrə hökuməti təhvil proqramındakı qeyri-müəyyənlik səbəbindən alternativ variantları nəzərdən keçirməyə başlayıb.
Sevinc Əliyeva
Ordu.az