“ABŞ İranla müharibə zamanı 39 təyyarə itirib” - Konqresmen Keys

2026/05/1778904719.jpg
Oxunub: 396     08:12     16 May 2026    
ABŞ konqresmeni Ed Keys Senatın xüsusi komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ fevralın 28-də başlayan İrana qarşı hərbi əməliyyatlar zamanı 39 təyyarə itirib.

Ordu.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.

Pentaqonun maliyyə direktoru Cey Herstə münaqişə zamanı itkilərin miqyası ilə bağlı sual ünvanlayan Keys “bütün təyyarələrin saxlanma xərcinin hesablanıb-hesablanmadığını” soruşub.

Məlumata görə, məhv edilən 39 təyyarədən əlavə daha 10 təyyarə müxtəlif dərəcəli zədələr alıb.

Aprelin əvvəlində İran ərazisi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E “Strike Eagle” uzaqmənzilli qırıcısının vurulmasından sonra katapult edilərək paraşütlə enən iki pilotun axtarışı ABŞ-nin daha doqquz və İsrailin bir təyyarəsinin itirilməsi ilə nəticələnib.

Bunların arasında ekipajın təxliyəsinə dəstək verən HC-130J “Combat King II” təyyarələri, HH-60W döyüş-xilasetmə helikopterləri, UH-60 “Black Hawk” nəqliyyat helikopterləri, A-10 hücum təyyarəsi və MQ-9 pilotsuz uçuş aparatı olub.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin uzaqmənzilli raket arsenalının sürətlə tükənməsi əsas amillərdən biri olub. Bu səbəbdən hər iki ölkənin bölmələri daha ucuz və güclü qravitasiya bombalarından istifadə etmək üçün İran hava məkanına yaxın və ya onun daxilində fəaliyyət göstərməyə məcbur olublar ki, bu da riskləri əhəmiyyətli dərəcədə artırıb.

ABŞ Silahlı Qüvvələrinin ən ciddi itkilərindən biri E-3 “Sentry” hava xəbərdarlığı və nəzarət sistemi təyyarəsi olub. ABŞ Hərbi Hava Qüvvələrinin ən bahalı təyyarələrindən biri hesab edilən bu platforma martın sonunda İranın Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazasına endirdiyi zərbə nəticəsində məhv edilib.

Bildirilir ki, E-3 təyyarəsinin əvəzlənməsi xüsusilə çətin olacaq. Çünki Soyuq müharibədən sonra Hərbi Hava Qüvvələrinin ilk uzaqmənzilli hava kəşfiyyat sistemi olan E-7 “Wedgetail” proqramının maliyyələşdirilməsi yalnız martın əvvəlində təsdiqlənib və təyyarələrin təhvil verilməsi üçün uzun növbə mövcuddur.

Martın 19-da İranın hava hücumundan müdafiə sistemləri tarixdə ilk dəfə uçuşda olan beşinci nəsil F-35A qırıcısını raketlə vurub. Məlumata görə, təyyarə ciddi zədələnib və pilot qəlpə yaraları alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Keys  


Bizi "telegram"da izləyin