“Past”: Paşinyan niyə getdikcə daha əsəbi davranış sərgiləyir?

2026/05/1778904635.jpg
Oxunub: 368     08:10     16 May 2026    
Son günlər Nikol Paşinyanın daha qabarıq şəkildə əsəbi davranış nümayiş etdirməsinin bir neçə dərin səbəbi var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ilk səbəb onun üçün daxili istifadə məqsədilə mütəmadi keçirilən sorğuların nəticələrinin getdikcə daha ümidsiz olmasıdır.

Qəzet qeyd edir ki, müstəqil qurumların keçirdiyi sorğular və araşdırmalar da mənfi mənzərə ortaya qoyur.

“Məsələn, “Seçkiqabağı proseslərin monitorinqi” vətəndaş təşəbbüsünün son monitorinqi göstərib ki, seçki kampaniyasının ilk həftəsində ən yüksək şəxsi antireytinq məhz Nikol Paşinyana məxsus olub. Əvəzində Qaqik Tsarukyan və Robert Köçəryanın şəxsi reytinqində dinamik artım qeydə alınıb.

İkinci səbəb əsas müxalif qüvvələrin davranışı ilə bağlıdır. Real müxalifət qüvvələri artıq bir-birinə qarşı çıxış etmir və hamısı ayrı-ayrılıqda Nikol Paşinyanın onsuz da aşağı olan reytinqini daha da zəiflədir”, - deyə nəşr bildirib.

Məqalədə vurğulanır ki, Paşinyanın peyk siyasi qüvvələri də təsəlliverici nəticələrə yaxınlaşa bilmir.

Qəzetin məlumatına əsasən, üçüncü səbəb isə bütün inzibati resursların səfərbər edilməsinə, “səyyar qrupların” toplantılara gətirilməsinə baxmayaraq, Paşinyanın seçki mitinqlərində kütləviliyin təmin olunmamasıdır.

“Toplantılarda iştirak edənlərin əksəriyyəti dövlət qurumlarının əməkdaşları, onunla birlikdə hərəkət edən şəxslər və hüquq-mühafizə orqanlarının nümayəndələridir.

Mənbələrin məlumatına görə, Paşinyan müxalifəti küçə leksikası ilə təhqir etməklə yanaşı, hər gün “Vətəndaş Müqaviləsi” partiyasının məsul şəxslərini insanların mitinqlərə cəlb olunmamasına görə sərt şəkildə danlayır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin