Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.
“Azərbaycanda artıq azərbaycanlıların tarixi torpaqlara köçürülməsi məsələsinin praktiki işlənməsi ilə məşğul olan xüsusi qurumlar yaradılıb. Bu, daxili istehlak üçün edilmir. Əminəm ki, bunu həyata keçirməyə çalışacaqlar”, - deyə Ayvazyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin sadəcə hərbi əməliyyatlara ehtiyacı yoxdur, çünki onlar istədiklərinin hamısını bir güllə belə atmadan, İrəvanın birtərəfli güzəştləri hesabına alırlar.
“Hərbi əməliyyatların olmamasının səbəbi qarşı tərəfin buna ehtiyac duymamasıdır, indiki hakimiyyət onların bütün tələblərini bu olmadan da yerinə yetirir”, - deyə Ayvazyan vurğulayıb.
O qeyd edib ki, hakimiyyət yenidən seçilərsə, bu güzəştlər daha da miqyaslı və geri dönməz olacaq.
“Bununla onlar sanki öz səhvlərini təmizləyir, kollektiv yaddaşımızı günahkar elan edirlər”, - deyə Ayvazyan qeyd edib.
Hakimiyyətin ölkənin idarəçiliyinə müxalifətin gəlişinin Ermənistanı qaçılmaz olaraq münaqişə ssenarisinə qaytaracağı ilə bağlı tezisinə cavab verən Ayvazyan bunu qorxutma vasitəsi adlandırıb. Onun sözlərinə görə, bütün böyük müxalif qüvvələr bütün qonşularla normal münasibətlərə və regional sabitliyə can atır, amma əsl sülh kapitulyasiya üzərində qurula bilməz.
“Erməni anlamalıdır ki, təhlükəsizliyinə və hüquqlarına zəmanət verən bir dövlətdə yaşayır. Bizim çatmalı olduğumuz məqsəd budur”, - deyə sabiq erməni nazir sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az