Ermənistanın sabiq XİN rəhbəri: “Regional sabitliyin təminatçıları Türkiyə və Azərbaycandır”

2026/05/1778850907.jpg
Oxunub: 572     17:09     15 May 2026    
“Bu gün həm Türkiyə, həm də Azərbaycan hazırkı hakimiyyəti açıq şəkildə dəstəkləyir, çünki Paşinyanın yenidən seçilməsində öz strateji məqsədlərinin həyata keçirilməsi imkanını görürlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan “News.am” nəşrinin “Güc faktoru” verilişində deyib.

Onun sözlərinə görə, Ankara regional dövlətdən qlobal gücə çevrilmək üçün strateji məqama çatdığını hiss edir və bu, Böyük Turan layihəsi çərçivəsində bütün türk dünyasının birləşdirilməsi ilə mümkündür.

Ayvazyan bildirib ki, Ermənistan isə bu layihənin həyata keçirilməsi yolunda “lənətlənmiş paz” olaraq qalır: “Bu pazı hərbi yolla aradan qaldırmağa cəhd etmək olar, lakin bu, asan deyil. Buna görə də onlar iqtisadi və ideoloji genişlənmədən istifadə edirlər, hazırkı hakimiyyət isə itaətkar şəkildə bu yolla gedir”.

Keçmiş erməni nazir diqqətə çatdırıb ki, Türkiyənin strateji məqsədləri Qərbin maraqları ilə üst-üstə düşür, həm Qərb, həm də Türkiyə Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda və İranın təsirini məhdudlaşdırmaqda maraqlıdır.

Onun fikrincə, məhz buna görə ABŞ-nin, Avropa İttifaqının və Türkiyənin Paşinyana göstərdiyi açıq dəstək təsadüfi deyil, vahid məntiqin təzahürüdür.

Ayvazyan qeyd edib ki, hələ iki il əvvəl Qərb tərəfdaşlarının Ermənistanı regionda Türkiyə-Azərbaycan hegemonluğunu qəbul etməyə sövq etdiyini demişdi. Onun qiymətləndirməsinə görə, bu kurs indi daha da güclənib.

“Paşinyan belə nəticəyə gəlib ki, regional sabitliyin təminatçıları Türkiyə və Azərbaycandır. O, nisbi sakitliyi qorumaq üçün birtərəfli güzəştlər və tabeçilik yolunu seçib”, - deyə o bildirib.

Ayvazyanın iddiasına görə, bu prosesin son məqsədi Ermənistanı subyektlikdən və suveren qərarlar qəbul etmək imkanından məhrum etməkdir.

“Əgər bu cür davam etsə, Ermənistan müəyyən mərhələdə Türkiyə və Azərbaycanın böyük strateji layihəsinin bir hissəsinə çevriləcək”, - deyə o qeyd edib.

Ayvazyan əmindir ki, qarşıdan gələn seçkilər adi siyasi mərhələ deyil, erməni dövlətçiliyinin taleyi ilə bağlı məsələdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin