UN-Habitat işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsində Azərbaycanla əməkdaşlıq edəcək

2026/05/Ekran-1778842214.jpg
Oxunub: 364     14:26     15 May 2026    
UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsi üzrə əməkdaşlığa başlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransda bildirib.

“Milli şəhər siyasətinin hazırlanması üzərində iş aparılır. Yaxın zamanda BMT-nin digər iki agentliyi — UNEP və IOM ilə tərəfdaşlıq çərçivəsində (Azərbaycanda) Adaptasiya Fondu tərəfindən maliyyələşdirilən iqlim dəyişikliyinə adaptasiya üzrə layihənin həyata keçirilməsi planlaşdırılır.

İnstitutlarla ehtiyac duyulan sahələrdə, ələlxüsus yerli hakimiyyət orqanları üçün texniki yardımın gücləndirilməsi yollarını müzakirə etmək fürsətini səbirsizliklə gözləyirik", -deyə o bildirib.

A.Soave UN-Habitat-ın Azərbaycanda nisbətən yeni fəaliyyət göstərdiyini xatırladıb.

“Biz burada təxminən üç il əvvəl ofis açdıq. Biz faktiki olaraq burada yaradılan son agentlik və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda UN-Habitat-ın ilk ofisi olduq. Buna görə də ölkə rəhbərliyinin bizim burada fəaliyyət göstərməyimizə və işə başlamağımıza göstərdiyi maraqdan çox qürur duyuruq”, – deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UN-Habitat   Azərbaycan  


Bizi "telegram"da izləyin