Ordu.az xəbər verir ki, bunu politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Qazaxıstan İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım jurnalistlərə bildirib.
Onun sözlərinə görə, son zamanlar baş verən geosiyasi hadisələr öz nəqliyyat-logistika marşrutlarının inkişafının strateji əhəmiyyətini nümayiş etdirib.
"Təlatümlü vəziyyət yarananda bütün ölkələr bununla bağlı xərcləri hiss etdi. İndi həm Azərbaycanda, həm də Qazaxıstanda öz marşrutlarının inkişafı və möhkəmləndirilməsinin strateji əhəmiyyəti dərindən başa düşülür", - ekspert deyib.
Tasım qeyd edib ki, söhbət həm Orta Dəhlizin inkişafından, həm də birgə infrastruktur layihələrinin həyata keçirilməsindən gedir.
"Məsələn, bu, nəqliyyat marşrutlarının Orta Dəhlizlə əlaqələndirilməsi, həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibi ilə internet kabelinin çəkilməsidir. Bunlar regionun möhkəmlənməsinə kömək edən mexanizmlərdir", - o vurğulayıb.
Onun sözlərinə görə, TDT-nin İnvestisiya Fondunun yaradılması əməkdaşlığa əlavə təkan verir.
"Bu məsələ uzun müddət müzakirə olunub, lakin nəticədə investisiya fondu yaradılıb. Onun məcmu kapitalı təqribən 600 milyon dollara çatıb. İndi gündəlikdə vəsaitlərin hansı birgə layihələrə yönəldilməsi məsələsi durur", - ekspert bildirib.
O əlavə edib ki, rəqəmsallaşma məsələləri maliyyələşdirmənin prioritet istiqamətlərindən biri ola bilər.
Tasım vurğulayıb ki, Azərbaycan Şərqlə Qərb arasında əsas birləşdirici həlqələrdən biri kimi çıxış edir.
"Azərbaycan həqiqətən əsas oyunçu, Qərblə Şərq arasında bir növ körpü rolunu oynayır. Bu funksiyanı Türkiyə və Qazaxıstan da yerinə yetirir", - o bəyan edib.
Ekspertin fikrincə, TDT ölkələri hazırda uzunmüddətli əməkdaşlıq modelinin formalaşdırılması mərhələsindədir.
"İştirakçı ölkələr artıq nəyi və necə qurmaq lazım olduğunu bilir. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Türk vektoru Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir", - Tasım qeyd edib.
O, iştirakçı ölkələrin siyasi iradəsinin TDT çərçivəsində iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Ordu.az