Ordu.az xəbər verir ki, bunu mayın 15-də Ermənistanın Armavir bölgəsində, Parakarda keçirilən seçkiqabağı təbliğat kampaniyası zamanı Ermənistanın idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
Hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına daxil edilən Xudatyan müxalif “Birlik” blokundan Parakar meri Onik Hakverdyanın niyə Paşinyanın rəhbərlik etdiyi hakim partiya nümayəndələri ilə görüşmədiyi barədə sualı cavablandırıb.
Hakim partiyanın təbliğat kampaniyasına müəllimlərin cəlb olunması mövzusuna toxunan Xudatyan əmin edib ki, nə Araqatsotn, nə də Armavir bölgəsində müəllimlər təbliğata qatılmaq üçün səfərbər edilməyiblər.
“Bununla belə, bəzi yerlərdən müəllimlər mitinqdə iştirak ediblər. Xidməti araşdırma başlayıb və əgər məlum olsa ki, onlar dərs saatlarında təbliğatda iştirak ediblər, bunun nəticələri olacaq. Əks halda müəllimlər özləri qərar verə bilərlər, iştirak etsinlər ya yox.
Hazırda burada nə müəllimlər, nə də məmurlar var, onlar təbliğatda iştirak etmirlər. “Vətəndaş Müqaviləsi” partiyası insanları “Qazel” avtomobilləri ilə təbliğata gətirmək prosesini təşkil etməyib. Müəllimlər bildiriblər ki, təbliğata işdənkənar vaxtlarında gəliblər. Partiyamız inzibati resurs tətbiq etməyib və etmir. Bizdə belə problem yoxdur.
Əminəm ki, biz qələbə qazanacağıq və qalib gəlmək şansımız 2021-ci illə müqayisədə daha yüksəkdir. Həmçinin əminəm ki, inzibati resursdan istifadə siyasi qüvvələri qələbədən uzaqlaşdırır. Əvvəlki iki seçkidə biz inzibati resurs tətbiq etmədən qalib gəlmişik.
Hətta onlar birləşsələr belə, qələbə qazanmaq və təkbaşına hakimiyyət formalaşdırmaq şansımız müxalifətin şanslarından qat-qat yüksəkdir. Bunu Vağarşapatda keçirilən son seçkilərin nəticələri də göstərir”, - deyə Xudatyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az