İran-Ermənistan üçüncü elektrik ötürmə xəttinin tikinti müddəti yenidən uzadılıb

2026/05/1778826242.jpg
Oxunub: 406     10:22     15 May 2026    
“16 il əvvəl başlanmış İran-Ermənistan üçüncü yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisinin başa çatdırılması müddəti yenidən uzadılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Energetika şöbəsinin rəhbəri Hovhannes Abrahamyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

O bildirib ki, İran-Ermənistan arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikinti işləri regiondakı gərginlik səbəbindən müəyyən qədər ləngiyib.

“Hazırda işlər davam edir. İranda və ümumiyyətlə Yaxın Şərqdə baş verən son hadisələri nəzərə alsaq, iranlı tərəfdaşlarımız müəyyən problemlərlə üzləşmişdi. İndi vəziyyətin tənzimləndiyi görünür və layihə davam edir. Əlbəttə, bu, müddətlərə müəyyən təsir göstərəcək, amma işlərin artıq bərpa olunduğunu nəzərə alaraq yaxın gələcəkdə tamamlanmasını planlaşdırırıq”, - deyə o bildirib.

Tikintinin hazırkı mərhələsindən danışan nazirlik nümayəndəsi dayaqların quraşdırılması və elektrik xətlərinin çəkilməsi işlərinin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, yarımstansiyaların təchizatı istiqamətində də mühüm irəliləyiş var.

Abrahamyan əmin edib ki, regional gərginlik səbəbindən yavaşlayan işlər yenidən intensiv mərhələyə keçib.

“İşlər aşağı templə də olsa davam edirdi, indi isə daha intensiv şəkildə aparılır. Dayaqların və kabellərin çəkilməsi ilə bağlı müxtəlif işlər hələ yekunlaşmayıb, lakin transformatorların quraşdırılması yaxın vaxtlarda başa çatacaq. Onlardan biri artıq Ermənistandadır, digəri isə yaxın zamanda gətiriləcək”, - deyə Abrahamyan əlavə edib.

İlin sonuna qədər layihənin başa çatdırılmasının mümkün olub-olmaması ilə bağlı suala cavabında isə o, ehtiyatlı proqnoz verib.

Abrahamyan vurğulayıb ki, Yaxın Şərqdəki qeyri-sabitliyi nəzərə alaraq konkret tarix açıqlamaq düzgün olmaz.

“Əgər Yaxın Şərqdə baş verən hadisələr olmasaydı, deyə bilərdik ki, işlər ilin sonuna qədər yekunlaşacaq. Amma hazırda son tarix müəyyənləşdirmək düzgün olmaz”, - deyə o qeyd edib.

Bununla belə, nazirlik nümayəndəsi bildirib ki, strateji əhəmiyyət daşıyan bu obyektin tikintisi gündəmdə qalır və İran tərəfi ilə aparılan işlər layihənin mümkün qədər qısa müddətdə tamamlanmasına yönəlib.

Məlumata görə, hazırda Ermənistan və İran arasında “Qaz əvəzində elektrik enerjisi” svop tədarükləri “Aqarak-Mehri” (220 kV) və Noraduz-Aqarak (220 kV) elektrik ötürmə xətləri vasitəsilə həyata keçirilir.

Qeyd edilir ki, İran Ermənistana mövcud İran-Ermənistan qaz kəməri ilə qaz ötürür, Ermənistanda isə, əsasən “Hrazdan” İES-də bu qazdan elektrik enerjisi istehsal olunur. Ermənistan isə İrana elektrik enerjisini artıq mövcud elektrik ötürmə xətləri vasitəsilə geri qaytarır.

Tikintisi davam edən və uzun müddətdir müzakirə olunan 400 kV-luq elektrik ötürmə xətti enerji sistemlərinin sinxron fəaliyyəti, enerji ötürülməsi həcminin artırılması və “Şimal-cənub” enerji sistemi çərçivəsində tranzitin genişləndirilməsi üçün nəzərdə tutulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin