Rusiyalı ekspert: “Azərbaycanın razılığı olmadan tam erməni-türk normallaşması mümkün deyil”

2026/05/1778825391.jpg
Oxunub: 384     14:09     16 May 2026    
“Erməni-türk siyasi təmaslarında formalaşmış konsensus açıq şəkildə müşahidə olunur və bu, erməni-türk nizamlanmasına doğru kiçik addımlara gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, bunu “168.am”a müsahibəsində rusiyalı türkşünas, şərqşünas Viktor Nadeyn-Rayevski deyib.

Onun sözlərinə görə, eyni zamanda belə bir anlayış və qənaət də mövcuddur ki, erməni-türk münasibətlərinin tam normallaşması yəqin ki, Ermənistan-Azərbaycan sülh sazişi imzalandıqdan sonra mümkün olacaq.

“Əks halda başa düşmək çətindir ki, niyə bu normallaşma indiyədək baş verməyib, niyə diplomatik münasibətlər qurulmayıb və sərhəd açılmayıb. Türkiyə sadəcə Ermənistan-Azərbaycan prosesində yekun razılaşmaları gözləyir. Çünki ilk növbədə iqtisadi, nəticə etibarilə isə siyasi baxımdan Ermənistanla sürətli normallaşmada maraqlı deyil. Bundan əlavə, Ankara Azərbaycanla razılaşdırılmış şəkildə hərəkət edir.

Yəni Azərbaycan hələ də erməni-türk münasibətlərinin yekun normallaşması üçün “yaşıl işıq” yandırmayıb. Halbuki artıq regionda sülhün mövcud olduğu barədə açıqlamalar verilir. Düşünürəm ki, bu kiçik addımlar davamlı olacaq, lakin böyük razılaşmalar bəlkə də aylar sonra baş tutacaq”, - deyə Viktor Nadeyn-Rayevski bildirib.

O hesab edir ki, sülh və açıq sərhədlər xüsusilə kiçik və uzun müddət qapalı sərhədlər şəraitində yaşamış ölkələr üçün müsbətdir.

“Lakin Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasından və ticarətdən sonra hansı vəziyyətin yaranacağı ilə bağlı düzgün təsəvvür də olmalıdır. Müstəqil araşdırmalara ehtiyac var. Çünki nəticələr insanların və siyasi qüvvələrin gözləntilərindən ciddi şəkildə fərqlənə bilər. Türkiyənin çox inkişaf etmiş və ucuz istehsalı var. Bunun Ermənistan bazarına daxil olması yeni vəziyyət yaradacaq, müəyyən problemlər və ya imkanlar ortaya çıxara bilər.

Düşünürəm ki, Türkiyənin güclü kapitalını, inkişaf etmiş sənayesini nəzərə alaraq müxtəlif ssenarilərə hazır olmaq lazımdır. Ermənistan bazarının və yerli istehsalçının belə bir ssenaridə necə mövqe tutacağı, iqtisadiyyatın necə fəaliyyət göstərəcəyi ilə bağlı araşdırmaların olub-olmadığı maraqlıdır. Bunu iqtisadçılar şərh etməlidir. Hadisələri yalnız siyasi baxımdan izah etmək yanlışdır”, - deyə Viktor Nadeyn-Rayevski qeyd edib.

Onun fikrincə, erməni-türk dialoqunun yetişmiş olması ilə bağlı qiymətləndirmə müəyyən mənada düzgündür, lakin istənilən an tam normallaşmanın baş verə biləcəyi ilə bağlı gözləntilər şişirdilib.

“Azərbaycan konstitusiya dəyişiklikləri gözləyir. Yalnız bundan sonra Ermənistan-Azərbaycan normallaşması mümkündür və yalnız bundan sonra erməni-türk münasibətlərinin tam normallaşması baş tuta bilər. Bunlar zəncirvari ilkin şərtlərdir və regionda tam normallaşma məhz onlardan asılıdır. Buna görə də Azərbaycanla bütün məsələlər həll olunmadan və Azərbaycanın daim gündəmə gətirdiyi məsələlər aradan qaldırılmadan düşünürəm ki, Türkiyə istiqamətində tam blokdançıxma olmayacaq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   Ermənistan  


Bizi "telegram"da izləyin