“Joğovurd”: “Vətəndaş Müqaviləsi” partiyasının siyahısında 6-cı olan Srbuhi Qalyanın 5 daşınmaz əmlakı və milyonlarla dram borcu var

2026/05/1778823933.jpg
Oxunub: 513     09:49     15 May 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın 2025-ci il üzrə illik bəyannaməsi araşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qəzetin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısında 6-cı yerdə olan nazirin əmlakı, gəlirləri və öhdəlikləri öyrənilib.

“2025-ci il bəyannaməsinə əsasən, Srbuhi Qalyan 5 daşınmaz əmlak bəyan edib. Bunların arasında Kotayk bölgəsinin Nairi icmasında yerləşən torpaq sahəsi, Tavus bölgəsinin Dilican şəhərində yerləşən ortaq mülkiyyət torpaq sahəsi və Dilicandakı fərdi yaşayış evi yer alıb.

Nazir həmçinin İrəvanın Kanaker-Zeytun rayonunda yerləşən iki mənzili də bəyan edib. Məlumata görə, Srbuhi Qalyan nəqliyyat vasitəsi bəyan etməyib. Bəyannamədə qeyd olunub ki, o, 2025-ci il dekabrın 15-də “Yunibank” ASC-nin 11 milyon 998 min 5 dram dəyərində istiqrazlarını alıb. Bundan başqa, “Address” MMC-yə verilmiş və geri qaytarılmış 6 milyon 500 min dram borc, həmçinin 2 milyon dram bank əmanəti də bəyan olunub”, - deyə nəşr qeyd edib.

Qəzet bildirib ki, erməni nazirin bank hesablarında hesabat ilinin sonunda 9 min 955 dram, 22 min 503 dram, 2 milyon 142 min 410 dram, 34 min 35 dram və 1 milyon 25 min 867 dram vəsait olub.

“Nağd vəsaitləri isə 2 milyon 900 min dram və 5300 ABŞ dolları təşkil edib. 2025-ci ildə Srbuhi Qalyanın gəlirləri ümumilikdə 45 milyon 202 min 134 dram olub. Bu məbləğin 760 min 872 dramını İrəvan Dövlət Universitetindən əməkhaqqı kimi, 26 milyon 690 min 752 dramını isə Ermənistan Ədliyyə Nazirliyindən alıb.

O, həmçinin Petros Mkryandan 1 milyon 200 min dram başqa gəlir də bəyan edib. Nazirin kredit öhdəlikləri 2025-ci il dekabrın 31-nə olan vəziyyətə görə 37 milyon 229 min 339 dram təşkil edib. Bunun 31 milyon 279 min 125 dramı mənzil almaq üçün götürülmüş kreditdir. İl ərzində kreditlərin ödənilməsinə yönəldilmiş məbləğ isə 5 milyon 336 min 474 dram olub”, - deyə müəllif vurğulayıb.

Qəzet qeyd edir ki, Srbuhi Qalyan 2014-2015-ci illərdə “Q-Telecom” QSC-də hüquqşünas kimi fəaliyyətə başlayıb.

“Daha sonra Ermənistan Xüsusi İstintaq Xidmətində, Ədliyyə Nazirliyində və Baş Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb. 2024-cü il noyabrın 5-də Ermənistanın ədliyyə naziri təyin olunub. Srbuhi Qalyan 4 elmi məqalənin müəllifi və bir dərs vəsaitinin həmmüəllifidir.

O, 2015-ci ildən bu günədək İrəvan Dövlət Universitetinin hüquq fakültəsində, 2016-cı ildən isə Ədliyyə Akademiyasında dərs deyir. 2019-2020-ci illərdə Ermənistan Dövlət Gəlirləri Komitəsinin Tədris Mərkəzində, 2020-2021-ci illərdə isə Ermənistan Polis Akademiyasında da müəllim kimi fəaliyyət göstərib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalyan   Ermənistan  


Bizi "telegram"da izləyin