Ordu.az xəbər verir ki, bunu Acapnyak inzibati rayonunun sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan bildirib.
Erməni siyasətçi vurğulayıb ki, mürəkkəb regionda yerləşən kiçik ölkə üçün müdafiə strukturunun bir hissəsi olmamaq böyük təhdiddir və Cənubi Qafqazda KTMT-nin alternativi NATO-dur.
“KTMT-də, Rusiya və digər ölkələrlə düzgün münasibətlər qurmaq əvəzinə, demək olar ki, hamı ilə münasibətləri korlayıblar, sonra da inciyirlər. Münasibətləri bərpa etmək lazımdır. Təşkilatın əsas ölkəsi Rusiyadır və KTMT onun ətrafında qurulub. Rusiya ilə münasibətləri bərpa etməklə təhlükəsizliyi ciddi şəkildə gücləndirəcəyik”, - deyə Köçəryan ikitərəfli müqaviləni və hərbi bazanın mövcudluğunu xatırladıb.
O qeyd edib ki, KTMT çərçivəsində silahlanmanı böyük güzəştlərlə gücləndirmək mümkün idi və bir çox məsələlər ödənişsiz həll olunurdu.
“İndi hərbi parad barədə danışırlar. Fransız artilleriyasının görüntülərini göstərdilər. Bu yaxşı silahdır, təxminən 5-6 milyon dollar dəyərindədir, avtomobil şassisi üzərindədir, səhv etmirəmsə, “Caesar” idi. Rusiyada da oxşar silah var, qiyməti 2,5 milyon dollardır. Fransız sisteminin çapı 155 millimetrdir, rus sistemininki isə 152 millimetrdir, uzaqmənzilliliyi və gücü eynidir, amma bir neçə dəfə ucuzdur. Üstəlik qiyməti daha da aşağı salmaq olardı. Fransız sursatı 2,5-5 min dollar, rus sursatı isə 800-1000 dollardır. Bu da böyük fərqdir. Belə imkanın olduğu halda niyə başqa yerdən almağa getdilər? Bu sualın cavabı yoxdur”, - deyə erməni siyasətçi bildirib.
Onun sözlərinə görə, texnikanın necə xidmət görəcəyi, sursatın necə təmin ediləcəyi və hansı marşrutla gətiriləcəyi suallarına da cavab yoxdur.
“Su” təyyarələrinin hekayəsində olduğu kimi ola bilər, onlar bir dəfə də istifadə olunmadı. Yaxşı və bahalı silah gətirirlər, amma onun istifadə edilə biləcəyi fakt deyil”, - deyə Köçəryan bildirib.
O xatırladıb ki, hazırda ən böyük hərbi təcrübəyə malik ordu Rusiya ordusudur və bundan istifadə etməmək günahdır.
“Göstərəcəklər və deyəcəklər ki, bu “vunderwaffe”dir (möcüzə-silah)”, - deyə Köçəryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az