Ordu.az xəbər verir ki, bunu Acapnyak inzibati rayonunun sakinləri ilə görüş zamanı Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan bildirib.
Erməni siyasətçi soruşub ki, doğrudanmı kimsə Avropa İttifaqının Cənubi Qafqaza gələcəyinə inanır? Zaldan “yox” cavabı verilib.
“Yaxşı olardı, amma yox. Coğrafiya amansız şeydir. Görünən gələcəkdə bu mümkün deyil. Yalnız Türkiyə və Gürcüstan üzv olarsa, biz də daha 20 il növbədə gözləsək, özü də Avropa İttifaqı həmin vaxta qədər bu formada qalarsa. Bu, xalqa sırınmağa çalışılan saxtakarlıqdır. Aldanmayın”, - deyə Köçəryan çağırış edib.
Erməni siyasətçi bildirib ki, Ermənistanı rifah səviyyəsi, azadlıqlar və iqtisadi inkişaf baxımından Avropa ölkəsinə çevirməyə heç kim mane olmur. O qeyd edib ki, Avropanın ən firavan ölkələri olan İsveçrə və Norveç Avropa İttifaqının üzvü deyillər.
“Amma problemlərə yol aça biləcək addımlar atmaq lazım deyil. Cənubi Qafqaz başqa regiondur, cənubda İran, şimalda Rusiya yerləşir və dünyada gərgin vəziyyət hökm sürür. Xalqın başına üçüncü dəfə bəla gətirməyin”, - deyə Köçəryan hakimiyyətin Avropaya yönəlmiş siyasətini və Rusiya ilə Avrasiya İqtisadi Birliyi ilə münasibətlərin pisləşməsini nəzərdə tutaraq bildirib.
Alpər Mövludoğlu
Ordu.az