Ordu.az xəbər verir ki, bunu bu gün, seçkiqabağı təşviqat kampaniyasının 7-ci günündə erməni sakinlərlə yekun görüş zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.
“Səni buna nə məcbur edir, niyə addımlarınla xalqı incitmək istəyirsən? Məndə belə təəssürat yaranır ki, ortada bir pult və çip var, həmin çip haradansa idarə olunur, amma qətiyyən Ermənistandan deyil. Mənim üçün bir məsələ aydındır: Ermənistanın başında idarəetmə pultu başqa yerdə olan rəhbər olmamalıdır”, - deyə Robert Köçəryan Nikol Paşinyana müraciətlə bildirib.
Ermənistanın ikinci prezidenti toplaşan erməni sakinlərə 2020-ci ildə baş vermiş 44 günlük müharibəni və sonrakı hadisələri xatırlayıb-xatırlamadıqlarını soruşub.
“Biz 2021-ci ildə, 2020-ci il müharibəsindən bir neçə ay sonra nə baş verdiyini xatırlayırıqmı? Qarabağı itirdiyimizi, 5 mindən çox ölü verdiyimizi, 12 min yaralımız olduğunu xatırlayırıqmı? Məncə xatırlayırıq. Amma buna baxmayaraq, insanlar 2021-ci ildə gedib Nikol Paşinyana səs verdilər. Qarabağın təhvil verilməsinə və sonrakı addımlara görə onu dəstəklədilər. Səs verməklə Paşinyana başımıza yeni faciə gətirmək imkanı yaratdılar”, - deyə Köçəryan bildirib.
Köçəryan bəyan edib ki, Nikol Paşinyan ölkə uğrunda mübarizə aparmağa hazır olan hər kəsə nifrət edir.
“O, mübarizə aparan bütün obrazlara nifrət edir. Bu, insanın daxilində doğuşdan oturmuş kompleksdir və bu tip bu gün Ermənistana rəhbərlik edir. Bu, biabırçılıqdır”, - deyə Köçəryan erməni sakinləri “Hayastan” blokuna səs verməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az