Sabiq erməni prezident: “Köç etmiş şəxslərin Qarabağa qayıdışı hazırda real görünmür”

2026/01/1769691713.jpg
Oxunub: 474     19:28     14 May 2026    
“Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin Qarabağa qayıdışı hazırda real görünmür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“Əgər Ermənistan hökuməti köç etmiş şəxslərin geri qayıtmamalı olduğunu düşünürsə, o zaman onların vəzifəsi itirilmiş əmlakın kompensasiyasını almaqlarına kömək etməkdir. Amma bunu etmirlər”, - deyə o bildirib.

Diaspor ilə münasibətlərdən danışan Köçəryan qeyd edib ki, diaspor ilə birlikdə Ermənistanın çəkisi tamamilə fərqlidir.

“Burada təxminən 3 milyon insan yaşayır, xaricdə isə bundan iki dəfə çox erməni var. Ermənistanı iqtisadi və siyasi baxımdan gücləndirmək üçün bundan istifadə etməmək ağılsızlıq olardı.

Bu insanlar yaşadıqları ölkələrə tam inteqrasiya olunublar və müxtəlif formalarda əhəmiyyətli dəstək göstərə bilərlər. Onlar həmçinin turizm mənbəyidir. Prezidentliyim dövründə Ermənistanla diaspor arasında münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmışam.

Əvvəllər Levon Ter-Petrosyan ilə “Daşnaksütun” arasında münasibətlərin pis olması səbəbindən bu əlaqələr müəyyən qədər gərgin idi. Bəziləri burada həbs olunmuşdu, digərlərinin isə ölkəyə girişinə qadağa qoyulmuşdu. Bu, Paşinyanın bu gün etdiklərinə bənzəyir. 1998-ci ildə diaspor ilə münasibətlərdə yeni səhifə açdıq. Mənim prezidentliyim dövründə bu davamlı prosesə çevrildi”, - deyə o bildirib.

Köçəryan vurğulayıb ki, diasporun Ermənistana yalnız investisiya üçün lazım olduğunu demək olmaz.

“Mühit əlverişli olmalıdır. Mənim dövrümdə insanlar buraya sərmayə qoymağa və müxtəlif bizneslər yaratmağa gəlirdilər. Məsələn, “Zvartnots” hava limanı cənab Ernekyanla şəxsi münasibətlərim sayəsində mümkün oldu. “Tumo” layihəsi də amerikalı investorlarla əlaqələrim nəticəsində həyata keçirildi.

Buradakı mühit çox əlverişli idi və başqa çoxlu layihələrin də adını çəkə bilərəm. Xatırlayıram ki, 2001 və ya 2002-ci ildə bəyan etmişdim ki, maliyyə imkanı olan hər bir diaspora ermənisinin Ermənistanda evi və ya mənzili olmalıdır. Şəxsi münasibətlərim sayəsində ABŞ-də yaşayan tanınmış bir ermənini burada ev tikməyə razı sala bildim. İnsanlar bunu gördükdən sonra bir çoxları onun nümunəsini təkrarladı. Bu investisiyalar təmin olunmuşdu. Mənim on illik hakimiyyətim dövründə diaspordan heç bir insan burada problemlə üzləşməyib”, - deyə o qeyd edib.

Diasporun parlamentdə birbaşa təmsil olunmasının mümkünlüyü barədə suala cavab verən Köçəryan bildirib ki, hökumət və parlament üzvləri üçün vətəndaşlıqla bağlı konstitusion məhdudiyyətlər mövcuddur.

“Ermənistan vətəndaşı olmaq lazımdır. 1998-ci ildən sonra konstitusion islahatlar həyata keçirdik və ikili vətəndaşlıqla bağlı məhdudiyyətləri aradan qaldırdıq. Diasporun bütün üzvləri indi ABŞ, Fransa və ya başqa ölkənin vətəndaşlığını saxlamaqla Ermənistan vətəndaşlığı da ala bilərlər.

Amma ikili vətəndaşlıq müəyyən qədər həssas məsələdir. Ermənistan kiçik ölkədir və hökumətdə və ya bəzi nazirliklərdə ikili vətəndaşlıq xarici dövlətlərin siyasi təsiri ilə bağlı şübhələr yarada bilər. Bu məsələyə ehtiyatla yanaşmalıyıq və daxili parçalanmaları dərinləşdirmədən hamını birləşdirmək üçün əlimizdən gələni etməliyik”, - deyə o bildirib.

İdarəetmə sistemi barədə danışan Köçəryan prezidentliyi dövründə mövcud olmuş yarımprezident idarəetmə üsulunu üstün tutduğunu deyib.

“Lakin bu, siyasi prosesdə konsensus tələb edir. Parlament sistemi müzakirələri təşviq edir, amma partiyaların sayından və demokratik proseslərlə daxili prosedurları formalaşdırmaq bacarığından çox asılıdır. Bizim siyasi sistem bu baxımdan kifayət qədər problemlidir. Belə ənənələrə malik cəmi bir-iki böyük partiyamız var.

Bu siyasi mədəniyyətin olmaması parlamentdə çoxsaylı problemlər yaradır. Buna görə hesab edirəm ki, bizim üçün yarımprezident sistemi və prezident institutunun olması daha yaxşıdır. Hər sistemin öz üstünlükləri və çatışmazlıqları var. Əsas məsələ hakimiyyət qolları arasında balansdır və aydındır ki, mövcud hökumətin məhkəmə sistemi üzərində qeyri-məhdud təsiri var.

Amma yenə də qeyd edirəm, bunlar həssas məsələlərdir və digər siyasi qüvvələrlə birlikdə müzakirə edilməlidir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin