Robert Köçəryan: “Əminəm ki, hökumət köç etmiş şəxslərin miqrasiyasını təşviq edir”

2026/05/1778429159.jpg
Oxunub: 437     19:23     14 May 2026    
“Nikol Paşinyanın beynəlxalq imici böyük ölçüdə Rusiya ilə Qərb arasında mövcud olan geosiyasi gərginlikdən asılıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“O, Rusiya ilə münasibətləri dağıdır və avropalılar bunu yüksək qiymətləndirirlər. Onlar Paşinyanı tam dəstəkləyirlər. Əsas səbəb budur. On il əvvəl Paşinyanın Ermənistanda müxalifətə və ya kilsəyə münasibətdə etdiyi kimi davranan liderlərə belə dəstək göstəriləcəyini təsəvvür etmək mümkün deyildi.

Bu, sadəcə olaraq Avropa siyasi dairələrində geniş yayılmış “Rusiyaya zərər verən hər şey onlar üçün faydalıdır” məntiqinə əsaslanan geosiyasi oyundur. Bu gün avropalılar Ermənistanın daxili proseslərinə də fəal şəkildə müdaxilə edirlər. Onlar seçki prosesləri üçün Ermənistana maliyyə ayırmağa hazırlaşırlar. Eyni zamanda bildirirlər ki, Rusiya hibrid müharibə aparır. Amma bu halda sual yaranır: bəs onlar özləri nə edirlər?”, - deyə o bildirib.

Robert Köçəryan onun və Samvel Karapetyanın “Moskvanın adamı” hesab edilməsi, özünün isə Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu sayılması ilə bağlı iddialara da münasibət bildirib.

“Yaxşı, nə deyə bilərəm? Ermənistan üçün bu gün böyük iqtisadi imkanlar yaradan nəhəng bir ölkənin rəhbəri ilə dost münasibətlərinə sahib olmaq pisdir?

Mən hesab edirəm ki, Ermənistan rəhbəri üçün cənab Putinlə işgüzar və etibarlı münasibətlərin olması yaxşıdır. Putin çox sabit insandır. O, həmişə verdiyi sözləri yerinə yetirib. O, proqnozlaşdırılandır və mənim fikrimcə, etibarlı tərəfdaşdır. Onun yaxşı dostu olmaq səhvdir?

Mən həmçinin Jak Şirakın da yaxın dostu olmuşam. O da proqnozlaşdırılan və etibarlı insan idi. Bu tamamilə normaldır”, - deyə Köçəryan qeyd edib.

Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin Ermənistandakı problemlərinə toxunan sabiq erməni prezident bildirib ki, hakimiyyət bu problemləri həll etmək niyyətində olduğunu göstərməyə çalışır.

“Əslində isə bütün köç etmiş şəxslər həyatlarının hər mərhələsində çətinliklərlə üzləşirlər. Hakimiyyət köç etmiş şəxslərin Ermənistanda qalmasını istəmir, çünki seçki baxımından onlar Paşinyana səs verəcək insanlar deyil.

Bizim Ermənistanda əlverişli demoqrafik vəziyyətimiz yoxdur və insanların burada qalması üçün hər şeyi etməliyik. İnsanların Ermənistandan getməsi səbəbindən vəziyyət daha da pisləşir. Daxili vəziyyət yaxşı olanda diaspora müsbət amildir və böyük investisiyalar edə bilər. Amma vətəndaşlar üçün şərait əlverişsiz olanda diaspor ölkədən çıxış yoluna çevrilir.

Əminəm ki, hökumət köç etmiş şəxslərin miqrasiyasını təşviq edir və hər addımda maneələr yaradır. Onlara ev almaq üçün pul vəd olunur, amma bu vəsait heç vaxt kifayət etmir. Onların heç nəyi yoxdur, banklar vəziyyətlərinə görə onlara kredit vermirlər və sahib olmadıqları çoxsaylı sənədlər tələb olunur”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin