Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.
“Məncə uğurları yoxdur. Qarabağı öz birbaşa iştirakı nəticəsində itirdilər. Əsas məsuliyyət onun (Paşinyan-red.) üzərindədir. Bunlar onun qərarları idi. 2018-ci ildən 2020-ci ilə qədər danışıqlar prosesini məhv etmək üçün hər şeyi etdi. Faktiki olaraq danışıqlardan imtina etdi. “Qarabağ Ermənistandır, vəssalam” dedi.
Beləliklə danışıqlar prosesini dağıtdı və bu müharibənin başlanmasının əsas səbəblərindən biri oldu. Danışıqlar vasitəsilə münaqişə tərəfləri həmişə razılığa gələcəklərinə ümid edirlər. Sən danışıqları məhv edəndə faktiki olaraq müharibəni təhrik edirsən. Bu, birinci məqamdır. İkinci məqam isə müharibənin idarə olunma forması idi ki, bu da, fikrimcə, tam fəlakət idi”, - deyə o bildirib.
Hakimiyyətin ordu və silah kimi lazımi vasitələrə malik olub-olmaması ilə bağlı suala Köçəryan belə cavab verib:
“Hər şey var idi. Mən müharibənin idarə olunmasından danışıram. O, demək olar ki, bütün təcrübəli generalları vəzifədən uzaqlaşdırdı. Məhz buna görə müharibədə məğlub olduq. Oktyabrın 18-də Rusiya Prezidenti təkcə atəşkəs deyil, müharibənin tam dayandırılmasını təklif etmişdi. Bundan imtina edən Ermənistan oldu, qarşı tərəf yox. Müharibəni özü təhrik etdi və özü də məğlub oldu.
Sonra isə sadəcə onun 2021-ci il seçkiləri zamanı verdiyi vədlərlə reallıqda etdiklərini müqayisə etmək kifayətdir. Heç nə.
O, Şuşa və Hadrutu “qaytaracağını” vəd edirdi, amma nəticədə bütün Qarabağı itirdi. Bu, onun bir siyasi qərarı nəticəsində baş verdi. Praqa Bəyannaməsinin imzalanması ilə Qarabağ Azərbaycan ərazisi kimi tanındı. Bu isə Makron və Şarl Mişelin iştirakı ilə baş verdi. Deyin görək, bütün bunlardan sonra insanlar niyə onun lehinə səs verməlidir?”.
İqtisadiyyata toxunan sabiq erməni prezident bunları deyib: “İqtisadiyyat 2022-ci ilə qədər əslində durğun vəziyyətdə idi. Artım yalnız həmin vaxtdan başladı və bu, əsasən bir səbəbdən. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən idi.
Ermənistan və Rusiya Avrasiya İqtisadi Birliyinin üzvləridir, buna görə də aralarındakı ticarət gömrük rüsumları olmadan həyata keçirilir. Bir çox məhsullar sanksiyalardan yayınmaq məqsədilə Ermənistana idxal edilir, sonra isə buradan Rusiyaya yenidən ixrac olunurdu. İqtisadi artımımız böyük ölçüdə məhz bu amillə bağlı idi.
Sadəcə rəqəmlərə baxın. Hər şey 2022-ci ildən, Ukrayna ilə Rusiya arasında müharibə başlayandan sonra başladı. Heç bir yeni zavod və ya yeni texnologiya yoxdur. O, əsas vədlərinin heç birini yerinə yetirməyib. Demokratiya haqqında çox danışılıb, amma bu gün Ermənistanda 60-dan çox siyasi məhbus var. Rusiyaya qarşı sanksiyalar ləğv edilən kimi Ermənistan iqtisadi cəhətdən çökəcək”.
Alpər Mövludoğlu
Ordu.az