Köçəryan: “İlham Əliyev hər dəfə çox sərt reaksiya verərək Fransanın regional məsələlərdə təsirə malik olmadığını açıq şəkildə göstərib”

2026/05/1778429159.jpg
Oxunub: 431     17:20     14 May 2026    
“Biz çox ağır və riskli dövrə daxil oluruq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“Bu regionda ənənəvi olaraq problemlər yaşadığımız iki ölkə olub, bu, Türkiyə və Azərbaycandır, dostluq və müttəfiqlik münasibətlərimiz olan iki ölkə isə Rusiya və İrandır.

Rusiya ilə təhlükəsizlik sahəsində ciddi müqavilə bazamız var, Ermənistanda Rusiya hərbi bazası yerləşir, İranla isə uzun illər formalaşmış dostluq münasibətlərimiz mövcuddur.

Bu gün Türkiyə və Azərbaycanla problemlər qalır. Bəli, sülhə doğru getməyə çalışırlar və biz də sülh tərəfdarıyıq. Amma sülh barmağın bir hərəkəti ilə qurulmur. Bunun üçün zaman, münasibətlər və hüquqi müqavilə bazası lazımdır.

Lakin indi biz eyni zamanda Rusiya və İranla münasibətləri də ciddi şəkildə dağıdırıq. Biz belə bir dəbdəbəyə yol verəcək qədər böyük ölkə deyilik”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, bu münasibətləri dağıtmaq yox, qorumaq və gücləndirmək, həmin baza üzərində Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq lazımdır.

“Nə qədər zəifsənsə, danışıqlardakı mövqelərin də bir o qədər zəif olur. Bu gün edilənlər əslində Ermənistanın mürəkkəb danışıqlar prosesində mövqelərinin zəiflədilməsidir. Biz hesab etmirik ki, Rusiya ilə münasibətlər Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşmasına mane olur”, - deyə o qeyd edib.

Ermənistanın eyni vaxtda həm Qərbin, həm də Rusiyanın dəstəyini təmin edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında sabiq erməni prezident bildirib: “Biz həmişə Avropa və xüsusilə Fransa ilə yaxşı münasibətlər saxlamışıq. Fransa ilə ən yaxşı münasibətlər, həm dövlət səviyyəsində, həm də şəxsən Jak Şirakla münasibətlər mənim prezidentliyim dövründə olub. Rusiya ilə münasibətlər isə heç vaxt Avropa və Fransa ilə əməkdaşlığımıza mane olmayıb.

Lakin başa düşmək lazımdır ki, Fransa bu regionda təhlükəsizlik baxımından real təsir resurslarına malik deyil. O, yalnız bəyanatlar verə bilər və bununla kifayətlənir. İlham Əliyev hər dəfə çox sərt reaksiya verərək Fransanın regional məsələlərdə təsirə malik olmadığını açıq şəkildə göstərib. Eyni şey öz təhlükəsizlik strukturu olmayan Avropa İttifaqına da aiddir. Rusiyanın bu regiondakı rolu artır və Türkiyədən başqa heç bir güc onun iqtisadi, hərbi və digər təsir sahələrinə qarşı dura bilmir”.

ABŞ-nin TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi vasitəsilə regionda möhkəmlənməyə çalışdığı və bunun yaxşı layihə olub-olmadığı barədə suala Köçəryan belə cavab verib: “Trampın nə düşündüyünü kim bilir? Mənim heç bir təsəvvürüm yoxdur. Bunun yaxşı və ya pis layihə olduğunu düşünmürəm, sadəcə işləməyəcəyini hesab edirəm. Sual ondadır ki, bu, ümumiyyətlə həyata keçirilə bilərmi?

Mən Ermənistanın bundan necə fayda götürəcəyini görmürəm. Bu, Ermənistan üçün layihə deyil, Türkiyə və Azərbaycanı Mərkəzi Asiyaya bağlamaq üçün nəzərdə tutulmuş layihədir. Biz həmin yoldan əslində heç nə əldə etməyəcəyik, yalnız 40-50 kilometrlik tranzit hissədən kiçik gəlirlər olacaq. Sadəcə xəritəyə baxmaq kifayətdir ki, bunun Ermənistan layihəsi olmadığını anlayasan. Biz tranzit ölkə olmağı iqtisadi inkişafımızın əsasına çevirə və ya bunun iqtisadiyyatımızın mühüm hissəsini təşkil edəcəyini düşünə bilmərik”.

Xarici investisiyaların necə cəlb ediləcəyi və Ermənistanın necə inkişaf etdiriləcəyi ilə bağlı suala isə Köçəryan belə cavab verib: “İlk növbədə regionda daha çox marşrut açmaqla… Bizim əsas ticarət yolumuz Azərbaycan yox, Gürcüstandır. Gələcəkdə münasibətləri yaxşılaşdıra bilsək, Türkiyə də ola bilər.

Ən əsası isə sənayemizi inkişaf etdirməliyik. Biz sənayeni Ermənistana qaytarmaq proqramını həyata keçirməliyik. Söhbət böyük həcmdə xammal idxalı tələb edən ağır sənayedən yox, yüksək texnologiyalı və qabaqcıl sənayedən gedir. Mən onsuz Ermənistanın gələcəyini görmürəm. Bizim çoxşaxəli mühəndislər məktəbimiz var idi və bu məktəbi indi tədricən itiririk. Vaxtilə Sovet İttifaqında malik olduğumuz əhəmiyyəti hər gün itiririk.

İnsan potensialımız bərpa edilə biləcək uğur hekayəsidir. Biz bu istiqamətdə irəliləyə bilərik. Xarici investisiyaları cəlb etmək üçün nə lazımdır? Biznesin təhlükəsizliyi, ölkənin sabitliyi və cəlbedici iqtisadi siyasət. Belə əlverişli mühit yaratsan, investisiyalar mütləq olacaq. Mən bunu şəxsi təcrübəmdə hiss etmişəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin