Ermənistan və Hindistan “Pinaka” raketləri və artilleriya sursatlarının yerli istehsalını müzakirə edir

2026/05/1778764294.jpg
Oxunub: 603     17:03     14 May 2026    
Ermənistan Hindistanla müdafiə tərəfdaşlığını daha da dərinləşdirmək üçün addımlar atır və “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə 155 mm-lik artilleriya mərmiləri üçün istehsal xətləri qurmaq imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, söhbət sadəcə alışdan uzunmüddətli sənaye əməkdaşlığına keçiddən gedir.

IDRW-nin mənbələrinə görə, Hindistan müdafiə şirkətlərinin Ermənistanda istehsal infrastrukturunun yaradılması məsələsi müzakirə olunur. Bunun məqsədi hərbi təchizat üçün etibarlı zəncir formalaşdırmaq və xarici tədarükçülərdən asılılığı azaltmaqdır, xüsusilə də böhran vəziyyətlərində.

Qeyd olunur ki, bu inkişaflar Ermənistanın “Pinaka” sistemlərinin ilk beynəlxalq sifarişçisi olması qərarından sonra baş verib. 2022-ci ildə İrəvan təxminən 2000 kron rupi (təqribən 265 milyon dollar) dəyərində dörd “Pinaka” batareyasının alınması üçün müqavilə imzalayıb. Müqaviləyə sistemin standart “Mk-I”, modernləşdirilmiş və daha təkmilləşdirilmiş versiyaları daxildir.

2024-cü ilin sonunda raket sistemlərinin təhvilinin başa çatmasından sonra artıq 2026-cı ilin əvvəlində “Pinaka” idarəolunan raketləri tətbiq olunub və bu, Ermənistanın artilleriya imkanları üçün ciddi irəliləyiş hesab edilib. Qeyd olunur ki, 75 kilometrədək mənzilə malik idarəolunan versiya naviqasiya və istiqamətləndirmə sistemləri ilə təchiz olunub və bu da mühüm hədəflərə zərbələrin dəqiqliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

IDRW-nin qiymətləndirməsinə görə, bu, Ermənistan artilleriyasını M142 HIMARS kimi müasir və yüksək dəqiqlikli sistemlərə yaxınlaşdırır. Həmin sistemlərin effektivliyi son dövrlərdəki münaqişələr zamanı özünü qabarıq göstərib.

Nəşrin yazdığına görə, istehsalın yerliləşdirilməsi ilə bağlı Ermənistanın marağı daha geniş strateji yanaşmanı əks etdirir və bu yanaşma mövcud təhlükəsizlik şəraitindən irəli gəlir. Raketlər və 155 mm-lik artilleriya mərmiləri üçün öz istehsal xətlərinin yaradılması uzunmüddətli hərbi əməliyyatlar və təchizatda mümkün fasilələr zamanı dayanıqlı döyüş qabiliyyəti təmin etməlidir.

Hindistan üçün isə bu, müdafiə məhsullarının ixrac strategiyasında əldə olunmuş mühüm nailiyyət kimi qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Pinaka  


Bizi "telegram"da izləyin