Gürcüstan və Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunub

2026/05/1778761186.jpg
Oxunub: 263     15:45     14 May 2026    
Gürcüstanın Acarıstan Respublikası hökumətinin sədri Zurab Pataradze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Fuad Əzizov ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, Acarıstan hökumətinin yaydığı məlumata görə, görüş zamanı Gürcüstan və Azərbaycan arasında mövcud siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Z.Pataradze bildirib ki, uzun illər Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərdikdən sonra yeni vəzifəsində Azərbaycan nümayəndələri ilə ilk diplomatik görüşünün keçirilməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Görüşdə ticarət dövriyyəsinin artması, turizm əlaqələrinin genişlənməsi və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edilib ki, hazırda Bakı-Batumi marşrutu üzrə həftədə iki aviareys həyata keçirilir, iyun ayından etibarən isə uçuşların gündəlik əsasda icrası planlaşdırılır.

Görüş zamanı Acarıstanın turizm potensialı, regionda keçirilə biləcək biznes forumları və investisiya imkanları barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, region beynəlxalq tədbirlərə və biznes platformalarına ev sahibliyi etməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin