“Ermənistan və Türkiyə arasında dialoq o qədər yetişib ki, istənilən an tam normallaşma gözləmək olar” - Mirzoyan

2026/05/1778755980.jpg
Oxunub: 430     14:39     14 May 2026    
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində daha bir mühüm mərhələ qeydə alınıb”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistanla birbaşa ticarət qadağasının aradan qaldırılmasına münasibət bildirərkən deyib.

Erməni nazir ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasını çox vacib hesab edib və bildirib ki, bu şərait bu gün də dolayı şəkildə mövcuddur.

“Əgər əvvəllər Türkiyədən hansısa malları ixrac edib Ermənistana gətirməyə çalışırdılarsa, bu belə həyata keçirilirdi: birbaşa ixrac imkanı olmadığı üçün orada qeyd edilirdi ki, məsələn, yük quru yolu ilə Gürcüstana ixrac olunur, orada gömrükdən keçirilir və Gürcüstandan Ermənistana ixrac kimi rəsmiləşdirilirdi. Bunlar əlavə maliyyə xərcləridir və nəticədə Ermənistanda məhsulun maya dəyərinə təsir edir. Bundan sonra Türkiyədən hər hansı məhsul idxal edən istənilən şəxs onları birbaşa Ermənistana gətirə biləcək”, - deyə Mirzoyan bildirib və sərhədin hələ də bağlı olduğunu xatırladıb.

“Amma biz bu yolda irəliləyirik. Bir gün sərhəd də açılacaq və birbaşa ixrac da həyata keçiriləcək”, - deyə Mirzoyan bildirib.

O əlavə edib ki, Ankaranın qərarı məhsulların qiymətlərinin azalmasına təsir etməlidir.

“Bu, münasibətlərin normallaşdırılması prosesində daha bir mühüm addımdır. Xarici İşlər Nazirliyinin sözçüsü bu addımı alqışlayıb”, - deyə Mirzoyan xatırladıb.

Üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı razılaşmanın niyə dayanması sualına cavab verən nazir məsələyə birbaşa münasibət bildirməsə də, “dialoqun o qədər yetişdiyini ki, istənilən an tam normallaşma gözləməyin mümkün olduğunu” deyib.

Erməni nazirin sözlərinə görə, hələ də müxtəlif texniki və siyasi maneələr, o cümlədən Azərbaycan amili ola bilər, lakin buna baxmayaraq, “məcazi deyilsə, “pazl”ın ayrı-ayrı hissələrinin necə birləşdiyini görmək sevindiricidir”.

Razılaşmaların başqa bir nümunəsi kimi erməni nazir Ani körpüsünün bərpasını qeyd edib və bunun nəqliyyat qovşağı deyil, mədəni dəyər olduğunu vurğulayıb.

Ermənistan XİN rəhbəri həmçinin “Türk Hava Yolları”nın girişini və ya təqaüdlərin verilməsini sadalayaraq, prosesin yekun məqsədinin Türkiyə ilə açıq sərhədlərin olması, diplomatik münasibətlərin qurulması və ümumilikdə normal qonşuluq münasibətlərinin formalaşdırılması olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin