Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icraiyyə orqanının üzvü Qaqik Minasyan qarşıdan gələn seçkilərin mümkün nəticələri və onların əhəmiyyəti barədə danışarkən deyib.
Onun sözlərinə görə, bunlar hakimiyyətlə müxalifət arasında adi seçkilər deyil, bu seçkilər Ermənistanın mövcud olub-olmaması məsələsidir.
“Biz həqiqətən anlamalıyıq ki, həmin gün nəyi seçirik, bir siyasi qüvvəni, yoxsa digərini? Əgər biz ona, şər hakimiyyətinə səs versək, Ermənistan Türkiyənin vilayətinə çevriləcək. Əgər əks qütbü seçsək, onda Ermənistanı seçmiş olacağıq və tədricən, sürətlə olmasa da, yenidən Cənubi Qafqazda güclü Ermənistan statusuna malik dövlətə çevriləcəyik. Bu dövlət bütün siyasi mərkəzlər, xüsusilə təbii müttəfiqlərimiz olan Rusiya Federasiyası, İran İslam Respublikası, Çin, ABŞ və eləcə də Avropa üçün vacib olacaq”, - deyə Minasyan bildirib.
Keçmiş erməni deputat əlavə edib: “Bu seçki yaxşı ilə pis arasında seçim deyil. Allah bizə bir neçə dəfə belə imkan verib, biz isə həmişə pisi seçmişik. İndi isə yaşamaqla ölmək arasında seçim etməliyik”.
Sosioloji sorğuların nəticələri, “Güclü Ermənistan”, “Hayastan” bloku və Çiçəklənən Ermənistan Partiyası kimi əsas müxalif qüvvələrin imkanları, həmçinin 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyası və müxalifətin neçə faiz səs toplayacağı barədə danışan keçmiş erməni deputat bildirib ki, Nikol Paşinyanın və rəhbərlik etdiyi partiyanın çox konkret və sabit elektoratı var.
Onun sözlərinə görə, bu elektorat şərti olaraq seçicilərin təxminən 25 faizini təşkil edir və onlar mütləq Paşinyana səs verəcəklər.
“Buna görə də Paşinyanın əsas məqsədi seçkilərdə iştirakın mümkün qədər az olmasıdır ki, həmin 25 faiz nəticələrdə 50-60 faizə çevrilsin”, - deyə Minasyan qeyd edib.
Minasyan hesab edir ki, əgər seçkilərdə səsvermə hüququ olan vətəndaşların 65 faizi və ya daha çoxu iştirak etsə, Nikol Paşinyan məğlub olacaq.
Onun sözlərinə görə, “bu, həqiqətən müharibədir”.
“Bu, ilk müharibədir. Bu, həqiqətən müharibədir, insanların seçkilərdə hansı səviyyədə iştirak etməsi uğrunda müharibədir. Əgər iştirak 65 faiz və daha çox olsa, Nikol dərhal məğlub olacaq, Nikol və bu şər qüvvə aradan qaldırılacaq. Bu, məhz səndən asılıdır, ey erməni vətəndaş, ey seçici… Əsas məsələ vətəndaşı seçki məntəqəsinə aparmaqdır. Çünki Nikolun lehinə səs verəcək olanlar mütləq gedəcəklər. İnsanların iştirakını artırmağın əsas yolu vətəndaşla danışmaqdır”, – deyə Minasyan bildirib.
Paşinyanın müxalifət liderlərini hədəfə almasına, xüsusilə Qaqik Tsarukyanın ünvanına səsləndirdiyi “Qaqik Tsarukyan, dilin çox uzanıb...” kimi aqressiv açıqlamalara münasibət bildirən Minasyan hesab edir ki, Nikol Paşinyan “sarsıntı keçirir”, çünki masasının üzərində onun üçün çox təhlükəli rəqəmlər var və xalqın ona münasibətini görür.
“Ötən gün hamımızın gördüyü mənzərə o deməkdir ki, burada dövlətçilikdən əsər-əlamət qalmayıb. Burada yalnız bir diktator var və o nə qərar verirsə, digər dövlət institutları da onu yerinə yetirir. Bu, artıq dövlət deyil, diktaturadır… Bu adamın hər şeyi qaralamaq ehtirasında heç bir müqəddəslik anlayışı qalmayıb”, - deyə Minasyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az