Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
O, nəşrə açıqlamasında bildirib ki, həm Ermənistan hökumətində, həm də digər qurumlarda ona bu məsələ ilə heç kimin məşğul olmadığını deyiblər.
“Artıq 6 ildir uşağımı gözləyirəm. Əvvəl itkin düşmüş hesab etdilər, sonra öldüyünü dedilər. DNT nümunəsi gətirdilər, amma tam uyğunluq yoxdur. Bu günə qədər uşağımı axtarıram.
Aprelin 27-də Paşinyanın yanına getdim, dedim ki, mənim uşağım nə itkindir, nə də ölüb, sən mənim uşağımı tapıb gətirməlisən. Çünki bu seçkilərdən sonra nə olacağını bilmirəm. Dedim ki, müharibə sənin hakimiyyətin dövründə olub, sən aydınlaşdır ki, haradadır. Yüz faiz əminliklə deyirəm ki, mənim uşağımı təhvil veriblər, aparıblar”, - deyə Azat Gevorqyan Ermənistan hökumətinin binası qarşısındakı aksiyası zamanı “168.am”a müsahibəsində bildirib.
O, oğlu ilə sonuncu dəfə müharibənin ilk günü, 2020-ci il sentyabrın 27-də, döyüşlər başlayandan bir neçə saat sonra, səhər saat 11:30-da danışdığını deyib. Oğlu valideynlərini sakitləşdirərək hər şeyin normal olduğunu bildirib və onların niyə təşvişə düşdüyünə təəccüblənib. Lakin bir neçə saat sonra onun adı ilk ölənlərin siyahısında yer alıb.
“168.am” qeyd edib ki, Karen Gevorqyan Hadrutda qulluq edib, xidmətə başlayandan cəmi 1 il 7 ay keçmişdi və bir neçə ay sonra tərxis olunmalı idi.
“İlk ölənlərin siyahısını açıqlayanda ikinci ad mənim oğlumunki idi. DNT analizi aparıblar, uyğun gəlməyib. Həmişə demişəm, bilmirəm haradan hansısa vəhşinin qalıqlarını götürüb təsvir edib gətiriblər ki, guya budur, mən onu qəbul etməmişəm. Müharibə günlərində Qarabağdan evə gəlməmişəm, bütün izlərin ardınca getmişəm və müəyyən etmişəm ki, qalıqları Füzulidən gətiriblər.
Yaxşı, tutaq ki, uşağım sentyabrın 27-də ölüb, onda 28-də, 29-da gedib meyiti gətirə bilərdilər, yaxud oktyabrın 2-də və ya daha sonra edə bilərdilər. Amma mən anlayıram ki, uşağım ölməyib, onda gedib nəyi gətirəcəkdilər? Bunların hamısı faktdır, mən havadan danışmıram.
Oktyabrın 5-6-da Qarabağdan gəlib Müdafiə Nazirliyinə getdim, dedim ki, uşağımın adını ölənlərin siyahısına yazmısınız, bəs mənim ölmüş uşağım haradadır, verin. Deyirdilər ki, yoxdur. Bundan sonra uşağımın adını ölənlərin siyahısından çıxarıb itkin düşənlərin siyahısına saldılar, təsəvvür edirsiniz?”, - deyə Gevorqyan qeyd edib.
O bildirib ki, oğlunun xidmət yoldaşları ilə danışıb, amma onların ifadələrinə inanmır. Deyir ki, nağıl danışırlar və bildiriblər ki, ZİL markalı maşında olublar, sonra mərmi zərbəsi dəyib, sürücü yaralanıb.
“Deyirlər ki, mərmi maşının kuzovu ilə kabinəsinin arasına düşüb, sürücü ayağından yaralanıb çıxıb, biri də yaralı halda çıxıb, amma iki əsgər və mənim uşağım barədə məlumatları yoxdur, bilmirlər nə olublar. Belə şey olar? O necə mərmi idi ki, ikisini ayırdı çıxardı, amma üçünə heç nə olmadı? Nə qədər danışdırıram, qaçıb yayınırlar”, - deyə Gevorqyan vurğulayıb.
O həmçinin bildirib ki, aprelin 27-də Nikol Paşinyanla görüş zamanı baş nazir hamıya yazılı cavab verəcəyinə söz versə də, bu günə qədər valideynlər heç bir cavab almayıblar.
“İkinci gündür ki, hökumət binasının içindən heç kim mənə yaxınlaşmayıb. Yalnız polis əməkdaşları yaxınlaşıb soruşublar ki, nəyə ehtiyacım var, su və ya başqa bir şey lazımdırmı.? Demişəm ki, hər şey qaydasındadır, heç nə lazım deyil.
Nə qədər davam gətirə bilsəm, aksiyamı davam etdirəcəyəm. Mən öz uşağımı tələb edirəm. Hələ açmaq istəmədiyim çox məsələlər var. Nikol Paşinyan mənim uşağımın harada olduğunu aydınlaşdıra bilər. Ağkilsə kəndindəki hərbi hissənin taqım komandiri Hadrutdakı oğlumun taqım komandiri olub”, - deyə Gevorqyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az