Erməni politoloq: “Paşinyanın hər addımının arxasında qan var, Ermənistanı poliqona çevirirlər”

2026/05/1778653850.jpg
Oxunub: 401     13:40     14 May 2026    
“Türkiyə və Azərbaycan Paşinyanı dəstəkləyir, çünki verilən vədlər var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” analitik mərkəzinin Şurasının sədri, erməni politoloq Karen Bekaryan bildirib.

Erməni politoloq qeyd edib ki, Nikol Paşinyanın son dövrlərdə verdiyi “anormal” açıqlamaların sərtləşməsi təsadüfi deyil.

“Onlar bütün mümkün yollarla arxalarında duran qüvvələrə sədaqətlərini nümayiş etdirirlər və Türkiyə-Azərbaycan maraqlarına xidmət xəttindən bir addım belə geri çəkilməyəcəklərini göstərirlər”, - deyə Bekaryan bildirib.

Erməni politoloq vurğulayıb ki, gələcəkdə Nikol Paşinyanın ziddiyyətli açıqlamaları və onların nəticələri ilə bağlı ciddi hüquqi proseslər aparılacaq.

“Normal ölkədə Paşinyanın dediklərindən biri belə istefaya kifayət edərdi. Amma bizim halda onun hər epizodunun arxasında qan və qurbanlar dayanır”, - deyə o qeyd edib.

Bekaryan hesab edir ki, 2018-ci ildən etibarən Ermənistan dövlətçiliyi məhv edilir və hakimiyyət yenidən seçilərsə, bu proses davam edəcək.

“Bu gün insanları müharibə ilə qorxudan qüvvə hakimiyyəti dövründə daim müharibələr gətirib. Əgər sən deyirsənsə ki, məni seçməsələr müharibə olacaq, deməli, sən “dövlət təhlükəsizliyini məhv etmişəm” etirafını imzalamısan”, - deyə erməni politoloq bildirib.

Bekaryan Türkiyə xarici işlər nazirinin Nikol Paşinyanı dəstəklədiyini vurğulayıb.

“Sizcə, bu dəstək Paşinyanın gözlərinə görədir? Yoxsa onun yenidən seçilməsi halında yerinə yetirilməli olan vədlər var? Əsas vəd regiondakı geosiyasi balansın dəyişdirilməsi, İran və Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasıdır. Bundan sonra Ermənistan poliqona çevriləcək”, - deyə o bildirib.

Erməni politoloq qeyd edib ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti də Avropanın real mandatı deyil.

“Bu hakimiyyət “Avropaya gedirik” deyəndə əslində Türkiyəyə gedir”, - deyə Bekaryan vurğulayıb.

O qeyd edib ki, Avropa özü hazırda ciddi siyasi, təhlükəsizlik, sosial-iqtisadi və identifikasiya böhranı yaşayır.

“Ukrayna müharibəsi Avropaya enerji, siyasi və sosial-iqtisadi böhran gətirdi. Miqrasiya axınları Avropa cəmiyyətlərində ciddi narazılıq yaradıb. İranla müharibədən qaynaqlanan problemlər də buna əlavə olunur”, - deyə erməni politoloq bildirib.

Erməni politoloq hesab edir ki, Avropa İttifaqı sammitindən Ermənistana real nəticə qalmayıb.

“44 günlük müharibədən əvvəl Paşinyan təyyarələrin yanında şəkil çəkdirirdi. İndi də eyni vəziyyət Avropa sammiti ilə bağlıdır. Şəkillərdən və insanların sadəlövh təsəvvürlərindən başqa nə dəyişdi? Ermənistan yenə tapdalandı və subyektliyini itirdi”, - deyə o bildirib.

Bekaryan Fransayla imzalanmış sənədlərin də Ermənistanın təhlükəsizliyinə real təsir göstərmədiyini vurğulayıb.

O, Fransa prezidenti Emmanuel Makron haqqında da sərt danışıb.

“Makronun kimisə himayə etməsi artıq lətifəyə çevrilib. O, bu gün öz xalqını aldatmağa çalışanlara qoşulub və Fransa-Ermənistan münasibətlərinə ən böyük zərəri vurur”, - deyə Bekaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Bekaryan  


Bizi "telegram"da izləyin