Erməni ekspert: “Kəndlərin verilməsi prosesi sadəcə “pauza”ya qoyulub”

2026/05/1778653808.jpg
Oxunub: 476     16:11     14 May 2026    
“Kəndlərin verilməsi prosesi sadəcə “pauza”ya qoyulub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayakve” birliyinin Siyasi Şurasının üzvü, beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Manvelyan bildirib.

Erməni ekspert delimitasiya prosesi ilə bağlı ciddi narahatlıqlarının olduğunu və tərəflər arasında anklavlar məsələsi üzrə gizli razılaşmanın mövcud ola biləcəyini iddia edib.

“Azərbaycan tərəfi delimitasiyanı məhz öz tələblərinin olduğu istiqamətlərdə aparır. Onların məqsədi Tavusdakı anklavları əldə etməkdir. Əslində Ermənistan Konstitusiyası və qanunlarına görə belə anklavlar yoxdur. Amma mənim anladığım qədərilə gizli razılaşma mövcuddur və Ermənistan tərəfi təəssüf ki, həmin anklavların verilməsinə razılıq verib”, - deyə o bildirib.

Manvelyan qeyd edib ki, bunun dolayı sübutlarından biri qaz kəmərinin təxminən 5,5 kilometr qərbə köçürülməsi qərarıdır.

“Çünki həmin qaz kəmərinin bir hissəsi məhz o anklavlardan keçirdi. Əgər biz onları Azərbaycana versək, qaz kəməri üzərində nəzarəti də vermiş olacağıq”, - deyə erməni ekspert qeyd edib.

Manvelyan vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanın davamlı təzyiqi altındadır və yeni güzəştlərə getməyə davam edəcək.

“İnsanlar başa düşməlidirlər ki, hazırda bu güzəştlər asan şəkildə edilir. Əgər, Allah eləməsin, bu hakimiyyət yenidən formalaşsa, həm Ermənistana təzyiqlər artacaq, həm də onların daha böyük əraziləri güzəştə getmək hazırlığı güclənəcək”, - deyə o bildirib.

Manvelyan əlavə edib ki, kəndlərin təhvil verilməsi prosesi dayanmayıb.

“İnsanlar başa düşməlidirlər ki, həmin kəndlərin verilməsi prosesi sadəcə “pauza”ya qoyulub. Əksinə, əgər bunlar yenidən hakimiyyətə gəlsələr, proses daha da sürətlənəcək”, - deyə erməni ekspert bildirib.

Manvelyan Paşinyanın beynəlxalq tərəfdaşlarla bağlı siyasətini də “təhlükəli” adlandırıb.

O qeyd edib ki, Ermənistan-ABŞ TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin marşrutu ABŞ ilə müharibə vəziyyətində olan İran sərhədinin yaxınlığından keçəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manvelyan  


Bizi "telegram"da izləyin