Erməni siyasi xadimdan Paşinyana: “Mən belə adamı ölkə rəhbəri kimi qəbul edə bilmərəm”

2026/05/1778653757.jpg
Oxunub: 415     15:28     14 May 2026    
“Paşinyan bizim torpaqlarımız hesabına sülh yaratmaq istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Aravus kəndinin sabiq rəhbəri, Gorus rayonunun Teğ icmasının “Yaşanılası Ölkə” fraksiyasının rəhbəri Arqam Hovsepyan bildirib.

Ermənistanda iyunun 7-nə təyin olunan parlament seçkiləri öncəsi Nikol Paşinyan komandası ilə birlikdə Zəngəzura səfər edib. Sərhədyanı Kornidzor kəndində çıxış edən Paşinyan yenidən Qarabağ məsələsinə toxunaraq bildirib ki, Kornidzor və sülh münasibətləri barədə danışmaq istəyir.

Paşinyan qeyd edib ki, Ermənistan çox ağır qərar qəbul edib və bu qərarın mahiyyəti “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) dayandırmaqdan ibarət olub.

“Bizi ərazilər itirməkdə ittiham edirlər. Amma açıq demək istəyirəm ki, biz ərazi itirməmişik. Çünki bizə aid olduğu deyilən torpaqlar əslində bizə məxsus olmayıb və onlardan bizim real torpaqlar üzərində hüquqlarımızı zəiflətmək üçün istifadə olunub”, - deyə Ermənistan baş naziri bildirib.

Arqam Hovsepyan isə Paşinyanın bu açıqlamalarının Zəngəzurda ciddi narazılıq doğurduğunu deyib.

“Ölkə rəhbəri ayağa qalxıb deyirsə ki, “Qarabağ heç vaxt bizim olmayıb” və oradakı insanlar buna alqışlayırsa, mən o alqışlayanları zəngəzurlu hesab etmirəm. Əgər ölkə rəhbəri torpaqdan imtina edirsə, o necə rəhbərdir? Mən belə adamı ölkə rəhbəri kimi qəbul edə bilmərəm”, - deyə o bildirib.

Hovsepyan vurğulayıb ki, bütün problemlər qaldırılıb Paşinyanın qarşısında.

“Əlbəttə, bütün problemlər qaldırılıb. Sadəcə olaraq Paşinyanın tərəfdarları yaxınlaşıb danışır, həqiqi narahatlıq keçirən insanlara isə yaxınlaşmağa imkan vermirlər. Amma bu o demək deyil ki, problemlər barədə danışılmır. Sadəcə cavablar həmişə olduğu kimi yenə də məyusedici idi”, - deyə erməni siyasətçi vurğulayıb.

Hovsepyan Paşinyanın “Zəngəzur sülh bölgəsidir və Zəngəzurun adı ilə bağlı bədbin notlar olmamalıdır” açıqlamasına da münasibət bildirib.

“Kim belə sülh görüb? İndi hansı sülhdən danışırlar? Əgər bu sülhdürsə, deməli mən heç nə başa düşmürəm”, - deyə o bildirib.

Hovsepyan əlavə edib ki, Ermənistan vətəndaşı kimi baş verənlərdən ciddi şəkildə məyus olub və qarşıdan gələn seçkilərdə Zəngəzur əhalisinin fəal iştirak edəcəyinə ümid edir.

“Ümid edirəm ki, qarşıdakı seçkilərdə Zəngəzur fəallıq göstərəcək ki, bu ölkədə nəsə dəyişsin”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Hovsepyan  


Bizi "telegram"da izləyin