Ordu.az xəbər verir ki, Ermənistanın “168.am” nəşri “Ermənistan-Rusiya münasibətlərinin iqtisadi dalanı: Avrasiya İqtisadi Birliyində böhran ssenariləri” başlıqlı məqaləsində bu barədə yazıb.
Nəşrə görə, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Ermənistanın Avropa İttifaqına qoşulmaq planları “xüsusi nəzərdən keçirilmə” tələb edir. Onun sözlərinə görə, Rusiya erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcək. O, mövzu ilə bağlı referendum keçirməyi və məsələnin həllini erməni xalqına buraxmağı təklif edib. Putin həmçinin qeyd edib ki, Ermənistanla ticarət dövriyyəsi azalıb, ötən il, ondan əvvəlki il daha çox idi, amma buna baxmayaraq, 2025-ci ildə 7 milyard dollar təşkil edib.
“Əgər nəzərə alsaq ki, ölkənin ÜDM-i 29 milyarddır, bu ciddi göstəricidir və Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində mühüm üstünlüklər əldə edir”, - deyə Putin bildirib.
“168.am” yazıb ki, onun sözlərinə görə, həm Ermənistan əhalisi və vətəndaşları, həm də Rusiyaya, əsas iqtisadi tərəfdaşa münasibətdə mümkün qədər tez mövqe müəyyənləşdirmək düzgün olardı.
“O, həmçinin bildirib ki, Avrasiya İqtisadi Birliyinin növbəti sammiti zamanı Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarının müzakirə olunmasını təklif edib. Lakin Paşinyan mayın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb. O, bunu seçki kampaniyası ilə izah edib. İclasda Paşinyanı baş nazir müavini Mher Qriqoryan əvəz edəcək.
Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi məsələsində mövqe müəyyənləşdirməyə çağırışlara Ermənistan hakimiyyəti belə cavab verir ki, Rusiya ilə “boşanma” planları yoxdur, Avrasiya İqtisadi Birliyini tərk etmək barədə də hazırda heç bir plan yoxdur. Lakin aydındır ki, Rusiya Avrasiya İqtisadi Birliyi platformasında bütün üzv dövlətlər vasitəsilə Ermənistana təzyiq göstərməyə və hətta Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsini qaldırmağa çalışacaq. Bu isə, yəqin ki, ən sərt addım olacaq.
Bununla belə, görünür, Ermənistan hakimiyyəti də müəyyən ssenarilərə hazırlaşıb və belə bir məqamla bağlı ümidlər bəsləyir ki, Avrasiya İqtisadi Birliyində qərarlar konsensus prinsipi ilə qəbul olunur. Buna görə də, Ermənistan belə bir qərara qarşı olsa belə, həmin məsələ həllini tapa bilməz. Amma təsəvvür etmək çətindir ki, istək və konsensus olduğu halda Avrasiya İqtisadi Birliyində hər hansı formada Ermənistan üçün problem yaratmaq mümkün olmasın. Necə ki, Ermənistan hakimiyyəti KTMT-də Ermənistanın iştirakını “dondurmaqla” bunu etmişdi.
Bu vəziyyət Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan üçün iqtisadi və siyasi “tsuqtsvank” mərhələsini əvvəlcədən müəyyənləşdirir. Burada konsensus prinsipi iki ağızlı qılınca çevrilə bilər. İrəvan özünə qarşı yönəlmiş kollektiv qərarları dayandırmaq üçün veto hüququndan faydalanmağa ümid etsə də, Moskva və bu vəziyyətdə belə təşkilatlar rəsmi prosedurları keçməyə imkan verən alətlərə malikdir”, - deyə məqalədə bildirilib.
Diplomatik çevrələrdən “168.am”a bildirilib ki, böhranın ilk təzahürü institusional çıxış deyil, Ermənistanın iqtisadi gündəlikdən faktiki təcrid olunması ola bilər.
“Belə halda strateji layihələr, gömrük güzəştləri və investisiya proqramları “mənfi bir” formatında həyata keçirilməyə başlaya bilər və Ermənistan ittifaqda statik üzv statusunda saxlanılar.
İkinci mərhələdə isə, mənbənin sözlərinə görə, böhran texniki və sanitariya tənzimləmələri sahəsində davam edib dərinləşə bilər. Bu isə Avrasiya İqtisadi Birliyi alətlərində tez-tez siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Ermənistan iqtisadiyyatının Rusiya bazarından və enerji daşıyıcılarından yüksək asılılığını nəzərə alsaq, Moskva Avropa İttifaqı ilə Ermənistanın mümkün yaxınlaşmasını və meyarlarla uyğun gəlməməni əsas gətirərək “qayda savaşı” başlada bilər. Rusiya yüksək rütbəli rəsmiləri artıq bu barədə danışırlar. Bu isə elə bir vəziyyət yaradacaq ki, Ermənistan de-yure ittifaqın üzvü qalsa da, de-fakto onun iqtisadi üstünlüklərindən məhrum olacaq. Bu da seçkiqabağı gərgin atmosfer və iqtisadi göstəricilərin əhəmiyyəti nəzərə alınarsa, daxili narazılıq dalğası yarada bilər.
Nəhayət, ən pis ssenari ondan ibarətdir ki, konsensusun olmaması qurumun iflic vəziyyətinə gətirib çıxara bilər. Bu halda üzv ölkələr müxtəlif qərarlar qəbul edib yeni hüquqi mexanizmlər hazırlaya bilərlər.
Bu böhrana qarşı mübarizə aparmaq üçün Ermənistan, görünür, hakimiyyətin açıqlamalarından da bəlli olduğu kimi, müqavimət taktikasını seçə bilər və Avrasiya İqtisadi Birliyinin hüquqi-müqavilə imkanlarından maksimum istifadə edərək Qazaxıstanla formalaşan yeni əlaqələrdən və razılaşmalardan faydalana bilər. Konsensus prinsipindən istifadə etməklə Ermənistan öz maraqlarına zidd təşəbbüsləri dayandırmaq və istənilən maneəni Avrasiya İqtisadi Birliyinin digər qurumlarında müzakirə predmetinə çevirmək imkanı əldə edir”, - deyə müəllif qeyd edib.
Nəşr yazıb ki, lakin son nəticədə Ermənistan hakimiyyətinin mübarizəsinin effektivliyi iqtisadi asılılığın azaldılması sürətindən asılı olacaq.
“Mütəxəssislər isə qeyd edirlər ki, yaxın perspektivdə Rusiyadan iqtisadi asılılığı tez bir zamanda azaltmaq mümkün deyil. İxrac istiqamətlərinin şaxələndirilməsi və enerji suverenliyi Avrasiya İqtisadi Birliyində mümkün təcridin nəticələrini neytrallaşdırmağa kömək edə bilərdi, amma bunların heç biri nə bu gün, nə də yaxın gələcəkdə real perspektiv kimi görünmür. Buna görə də, iqtisadi alternativlərin olmaması şəraitində İrəvan yüngül diplomatik güzəştlərə və manevrlərə getməyə məcbur olacaq və Avrasiya İqtisadi Birliyində Ermənistanla bağlı böhrandan yayınmağa çalışacaq. Bu böhran isə gözlənilməz sosial-iqtisadi sarsıntılara səbəb ola bilər”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az