İranlı analitik: “Ermənistan hakimiyyəti İranı əmin edib ki, sərhəd yaxınlığında hərbi iştirak olmayacaq”

2026/05/1778572330.jpg
Oxunub: 506     12:51     15 May 2026    
“İran üçün Ermənistanla bağlı mövcud proseslərdə iki məsələ vacibdir”.

Ordu.az xəbər verir ki, bunu İran-Avrasiya Araşdırmaları İnstitutunun (IRAS) direktor müavini, iranlı analitik Armina Arm “168.am”a müsahibəsində İran-İsrail və ABŞ qarşıdurması fonunda Ermənistan-İran münasibətlərinə toxunarkən bildirib.

O qeyd edib ki, Ermənistan-İran münasibətləri ən yaxşı və ən dost münasibətlərdən biridir.

“Mən hesab edirəm ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra da Ermənistan-İran münasibətləri əvvəlki kimi dostcasına qalır, ciddi fikir ayrılığı və narahatlıq doğuran məsələlər yoxdur. Ölkələrimiz arasında heç bir problem yoxdur və ümid edirəm ki, bu münasibətlər davamlı olacaq”, - deyə Armina Arm bildirib.

O vurğulayıb ki, İran regionda istənilən sülh prosesini alqışlayır və sülh İran üçün də faydalıdır.

“Uzunmüddətli düşmənçilikdən sonra sülhün olması yaxşıdır. “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) ilə bağlı müəyyən narahatlıqlar var, İran burada problemlər görür. Amma iki ölkə bu layihə ilə bağlı da sıx təmasdadır və İranın “qırmızı xətti” ondan ibarətdir ki, Ermənistanla İran arasındakı tarixi sərhəd təhlükəsiz və dəyişməz qalmalıdır.

Biz prosesin təfərrüatlarını, nə baş verdiyini görməliyik. Amma sülh prosesi ilə bağlı problem yoxdur, İran bunu alqışlayır və bu, illərlə davam edən düşmənçilikdən sonra müsbət haldır”, - deyə iranlı analitik bildirib.

Armina Armın sözlərinə görə, İran üçün Ermənistanla bağlı iki məsələ xüsusilə önəmlidir.

“Sərhəd açıq qalmalıdır və ikinci məsələ “Tramp yolu”nun tikintisi və digər proseslər zamanı sərhəd yaxınlığında ABŞ-nin mövcudluğu ilə bağlıdır. Ermənistan nümayəndələri İran hökuməti ilə sıx əlaqədədirlər və onlar iranlıları əmin ediblər ki, narahatlığa əsas olmayacaq və sərhəd yaxınlığında hərbi iştirak olmayacaq”, - deyə analitik qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin