Erməni hərbi ekspert: “Paşinyanı məcbur ediblər, Ermənistan qurban veriləcək alətə çevriləcək”

2026/05/1778572282.jpg
Oxunub: 513     18:20     14 May 2026    
“Ermənistan müharibəni deyil, böyük döyüşü uduzub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, bu döyüş əslində 2020-ci il sentyabrın 27-də başlayıb və 2023-cü il sentyabrın 19-20-də başa çatıb.

Həftənin əvvəlində İrəvanda keçirilən Avropa sammitlərindən danışan erməni hərbi ekspert bildirib ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanda 1941-ci ildə Sovet İttifaqına qarşı müharibəyə başlayan və 1945-ci ildə darmadağın edilən nasist Almaniyasının müttəfiqi olmuş dövlətlərin rəhbərləri toplaşıblar.

“Və Ermənistan ərazisində Sovet İttifaqına qarşı müharibəyə başlayan dövlətlərin rəhbərləri toplandığı üçün hazırkı hakimiyyət özünü çox rahat hiss edirdi. Görünür, bu toplantının həmin baxımdan uyğun gəlməsi üçün səbəblər var idi. O cümlədən Zelenski ilə isti görüş də bunu göstərirdi.

Buradan növbəti nəticəm çıxır: Zelenskinin İrəvanda gördüyü isti münasibətin bəlkə də başqa əsasları və zəmini var. Rusiya KİV-ləri bir gün əvvəl bu barədə danışırdı ki, Ermənistan baş naziri postunu tutan şəxs... belə bir eyham vurulurdu ki, onun bu toplantıda özünü çox rahat hiss etməsinin mənəvi əsasları var. Çünki onun babası müharibədə əsir düşüb və daha sonra nasist Almaniyasına, cəza dəstələrinə xidmət edib və 1943-cü ildə həlak olub.

Yəni Paşinyanda motivasiya ola bilər və mən bu motivasiyanı təbii hesab edirəm. Məsələn, o deyə bilər ki, “Əgər mənim babam almanların haqlı olduğunu düşünübsə, indi vaxt gəlib ki, mənim ölkəm də həmin dövlətlə ittifaqda olsun və mən də bu ölkənin rəhbəriyəm”. Verilən verilişin alt qatında məhz bu fikir var idi. Yeri gəlmişkən, bu fakt barədə əvvəllər də danışılıb, amma indi niyə xatırlandı? Çünki bununla belə bir fikir çatdırılır ki, Paşinyan babasının işinin davamçısıdır, yəni Ermənistan Rusiyaya qarşı müharibə aparan dövlətlərlə ittifaqda olmalıdır”, - deyə erməni hərbi ekspert bildirib.

Nahapetyan həmin dövlətlər sırasında Almaniya, Fransa, Ukrayna və Böyük Britaniyanın adlarını çəkib və onun fikrincə, bu ölkələr Rusiyaya qarşı müharibəyə hazırlaşırlar.

Erməni hərbi ekspert hesab edir ki, Paşinyan apardığı siyasəti özü müəyyən etmir və onu bu oyuna daxil olmağa məcbur edirlər.

“Çox məsələlər var ki, ondan heç soruşmurlar da. Ona deyirlər ki, belə edilməlidir və o da məcbur qalıb edir. Məsələn, Azərbaycan deyir ki, belə edilməlidir, Türkiyə deyir ki, belə edilməlidir, Avropa ölkələri deyir ki, belə edilməlidir, ABŞ deyir ki, belə edilməlidir, Rusiya deyir ki, belə edilməlidir. Bu, sənin müstəqillik səviyyən haqqında danışır.

Əvvəlki hakimiyyətlərin dövründə Ermənistana koloniya və ya vassal kimi baxmırdılar, amma indi təəssüf ki, Nikol Paşinyana məhz belə baxırlar. Yəni Ermənistan həmin dövlətlərin oyun meydanına çevrilib və bu da yaranmış geosiyasi vəziyyətin nəticəsidir.

Hazırda dünyada yenidən bölgü gedir və çoxqütblü dünya nizamının yeni idarəetmə sistemi formalaşdırılır. Bu səbəbdən qərar qəbul edən böyük dövlətlərin yanaşmaları daha sərtdir.

Əvvəllər Rusiya “mən ekzistensial müharibə aparıram” demirdi, indi isə deyir. ABŞ prezidenti “mən dünyada hegemon olmalıyam” demirdi, indi isə deyir. Böyük Britaniyanın baş naziri və Fransa prezidenti isə bəli, onu məcbur ediblər. Ola bilsin ki, o özü də faydalını xoş olanla birləşdirmək istəyirdi”, - deyə erməni hərbi ekspert bildirib.

Nahapetyan qeyd edib ki, Rusiyaya qarşı proqnozlaşdırılan bu müharibədə Ermənistan Ukrayna ordusu kimi “qurban veriləcək alət”ə çevriləcək.

“Məsələn, qərbdə Belarus nüvə başlıqları və “Oreşnik” tipli raketlərlə silahlandırıldığı kimi, Ermənistan da çox qısa müddətdə nüvə dövlətinə çevrilə bilər. Əgər Rusiya cənub sərhədlərini nüvə silahı ilə qorumağın vaxtı çatdığını hesab etsə, bu baş verə bilər”, - deyə erməni hərbi ekspert əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nahapetyan  


Bizi "telegram"da izləyin