İrəvandakı “Zvartnots” beynəlxalq hava limanında Türkiyənin vitse-prezidentini parlament sədrinin müavini, Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.
Ermənistana səfəri zamanı Türkiyənin vitse-prezidenti və Nikol Paşinyan Ani körpüsünün birgə bərpası işlərinin həyata keçirilməsinə dair protokol imzalayıblar.
Bu səfərdən əvvəl, mayın 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası işlərini müzakirə etmək üçün erməni və türk nümayəndələrinin görüşü keçirilib.
Türkiyənin vitse-prezidenti Ermənistana səfərindən 3 gün sonra bildirib ki, Orta Dəhlizin inkişafı və Zəngəzur Dəhlizinin açılması ilə həm daha böyük təhlükəsizlik, həm də daha böyük rifah olacaq.
Ordu.az-ın məlumatına görə, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, erməni akademik və türkşünas Ruben Safrastyan Türkiyə rəsmisinin Ermənistana səfərini və imzalanmış protokolu şərh edərək qeyd edib ki, səfər Türkiyənin yüksəkvəzifəli rəsmisinin Ermənistana gəlməsi baxımından önəmlidir.
Erməni ekspert bildirib ki, bu, iki ölkə arasında əlaqənin davam etdiyini göstərir.
“Hesab etmirəm ki, yaxın gələcəkdə Türkiyədən Ermənistana yüksəkvəzifəli şəxslər gələcək. Çünki yüksəkvəzifəli şəxs gələcəksə, bu, qarşılıqlı münasibətlərin normallaşdırılmasına yönəlmiş prinsipial vacib addımla müşayiət olunmalıdır. Lakin erməni-türk münasibətlərinin normallaşdırılmasına yönəlmiş prinsipial yeni addımlar görmürəm və düşünürəm ki, yaxın gələcəkdə də belə addımlar olmayacaq.
Mənim qənaətimə görə, Türkiyədə Ermənistanla münasibətləri normallaşdırmaq qərarı qəbul olunub. Amma Türkiyə prezidentinin erməni-türk münasibətlərinin normallaşdırılmasını Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə əlaqələndirən bəyanatlarını nəzərə alsaq, hesab edirəm ki, normallaşmanın əsas şərti də budur”, - deyə Safrastyan bildirib.
Fikrini davam etdirən erməni ekspert qeyd edib ki, bəli, Türkiyədə Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı qərar var və bu, Cənubi Qafqaz regionunun əhəmiyyətinin artması ilə bağlıdır ki, bu da Türkiyə üçün vacibdir.
Safrastyan bildirib ki, ikinci mühüm məqam ondan ibarətdir ki, Türkiyə münasibətlərin normallaşdırılmasını həmişə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə əlaqələndirir.
“Azərbaycanla sülh müqaviləsi imzalanmayana qədər Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına yönəlmiş heç bir prinsipial addım atmayacaq. Əvəzində isə hamıya göstərmək üçün texniki xarakterli kiçik addımlar atacaq ki, erməni-türk münasibətlərinin normallaşdırılması prosesinə müsbət yanaşır”, - deyə Safrastyan qeyd edib.
Gümrü-Qars dəmir yolu ilə bağlı addımlara və Ermənistanın dəmir yolunun bərpasına investisiya yatırmaq üçün maliyyə imkanlarına toxunan Safrastyan bildirib ki, bunun üçün nə qədər vəsait lazım olacağını demək çətindir.
Bununla yanaşı, o qeyd edib ki, bu layihə Ermənistan üçün imkan deməkdir və həm də dünya ilə əlaqə yaratmaq üçün bir yoldur.
“Burada məsələ ondadır ki, bəli, imkanlar var, amma risklər də mövcuddur və həmin risklər idarəolunan olmalıdır. Dediklərim onilliklər ərzində aparılmış müzakirələrin nəticəsidir, çünki erməni-türk sərhədi ilə bağlı problemlər dəfələrlə müzakirə olunub.
Müxtəlif tədqiqat və peşəkar qruplar fəaliyyət göstərib, onlar vaxtaşırı bu problemləri ciddi şəkildə araşdırıblar, mən özüm də həmin qrupların tərkibində olmuşam. Bu qruplarda işlədiyim dövrdə formalaşan ümumi yanaşmam belədir: imkanlar var və bunlar Ermənistan üçün müsbət olacaq, amma eyni zamanda idarə olunmalı risklər də mövcuddur”, - deyə Safrastyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az