Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “45 milyon dramdan çox gəlir, 5 daşınmaz əmlak və təxminən 12 milyon dramlıq istiqraz - Srbuhi Qalyanın varlanma tempi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim etdiyi son bəyannaməyə əsasən, Prokurorluqdan aldığı əməkhaqqı və ona bərabər digər ödənişlər 26 milyon 690 min 752 dram təşkil edib.
Nəşrin yazdığına görə, verilmiş borclar və ya bank əmanətləri üzrə əldə olunan faiz və digər gəlirlər 104 min 140 dram, alınmış borclar və kreditlər 12 milyon dram, “digər gəlirlər” bölməsi üzrə keçmiş həyat yoldaşından əldə olunan vəsait 1 milyon 200 min dram olub.
“O, Dövlət Gəlirləri Komitəsindən gəlir vergisinin qaytarılması şəklində 4 milyon 446 min 370 dram, İrəvan Dövlət Universitetindən isə əməkhaqqı və ona bərabər ödənişlər formasında 760 min 872 dram əldə edib.
İlin əvvəlində və sonunda Srbuhi Qalyanın 5 daşınmaz əmlakı olub: 2 torpaq sahəsi, 2 mənzil və 1 fərdi yaşayış evi. Onlardan üçü tam şəkildə onun mülkiyyətində, digər ikisi isə ortaq mülkiyyət kimi qeyd olunub”, - deyə nəşr bildirib.
Məqalədə xatırladılıb ki, ötən il məmur 4 daşınmaz əmlak göstərmişdi, yəni bu il siyahıya daha bir mənzil əlavə olunub.
Nəşrin məlumatına görə, 2025-ci ilin dekabrında məmur “Unibank” ASC-nin istiqrazlarını əldə edib və ilin sonunda onların dəyəri 11 milyon 998 min 5 dram təşkil edib.
“Bank hesablarındakı vəsaitlər il ərzində cüzi artım göstərib və ilin sonunda ümumi məbləğ bir qədər 3 milyon dramı keçib. Nağd vəsaitlərdə də artım qeydə alınıb. İlin əvvəlində onun 2 milyon 700 min dram və 5000 dolları olduğu halda, ilin sonunda bu rəqəm 2 milyon 900 min dram və 5300 dollara yüksəlib.
Hesabat ilinin dekabrın 31-nə olan vəziyyətə əsasən, alınmış kredit və borclar üzrə əsas məbləğin qalığı bir halda 31 milyon 279 min 125 dram təşkil edib və kreditin məqsədi kimi mənzil göstərilib. Digər halda isə bu rəqəm 5 milyon 950 min 214 dram olub.
Məmur il ərzində kredit ödənişlərinə 5 milyon 336 min 474 dram yönəldib. Bəyannaməyə əsasən, o, 11 milyon 998 min 5 dram məbləğində birdəfəlik xərc edib, lakin həmin xərclərin məzmununu açıqlamayıb.
Bununla belə, nəşr qeyd edib ki, ehtimal olunur, bu məbləğ məhz istiqrazların alınmasına sərf olunub, çünki göstərilən məbləğ eynidir”, - deyə “168.am” qeyd edib.
Məqalədə xatırladılıb ki, 2024-cü ildə Qalyan 33,8 milyon dram gəlir əldə etmişdi.
“Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim etdiyi bəyannaməyə görə, həmin məbləğin böyük hissəsi Prokurorluqdan aldığı 25 milyon dramlıq əməkhaqqı olub.
O, həmçinin nazirlikdən də əməkhaqqı alıb. Qalyan 2024-cü il noyabrın 5-də vəzifəyə başladıqdan sonra nazirlikdən 3,1 milyon dram əməkhaqqı əldə edib.
O, Ədliyyə Akademiyasından 1 milyon dram, İrəvan Dövlət Universitetindən 390 min dram alıb, əlavə olaraq təxminən 2,5 milyon dram ipoteka üzrə gəlir vergisinin qaytarılması şəklində Dövlət Gəlirləri Komitəsindən əldə edib.
Bundan başqa, “Akba Bank”dan 716 min dram “digər gəlir”, keçmiş həyat yoldaşı Petros Mkryandan isə 1 milyon dram alıb”, - deyə müəllif bildirib.
Nəşr xatırladıb ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin Hüquqi Təminat Şöbəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra Nikol Paşinyan hələ 2019-cu ilin iyulunda 27 yaşlı Srbuhi Qalyanı ədliyyə nazirinin müavini təyin etmişdi.
“Daha sonra o, Baş prokurorun qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə fəaliyyət sahəsini əlaqələndirən müavini olub. Srbuhi Qalyanın ədliyyə naziri vəzifəsinə namizədliyini də Paşinyanın komandası olan “Vətəndaş Müqaviləsi” irəli sürüb”, - deyə müəllif vurğulayıb.
Nəşr yazıb ki, Srbuhi Qalyan da məşhur siyahıya əsasən iri həcmli mükafat alan məmurlar arasında olub.
“Təxminən 6-7 milyon dram məbləğində, vergilər çıxıldıqdan sonra əlavə ödəniş almışam. Bu, ictimaiyyətə birdəfəlik ödəniş kimi görünəcək əlavə vəsaitdir, amma mən bunu bütün il üzrə əməkhaqqı hesab edirəm”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az