Ermənistanda Şuşa müzakirəsi: Taktiki uğursuzluq, yoxsa strateji və siyasi iflasın nəticəsi?

2026/05/photo-1779362086.jpg
Oxunub: 451     14:28     21 May 2026    
“6 il əvvəl bu günlərdə, 2020-ci il mayın 9-da Nikol Paşinyan və Anna Hakopyan bayramı qeyd etmək üçün Qarabağa yollanmışdılar. “Şuşa bizə öz gücümüzə, gələcəyimizə, bugünkü vəziyyətimizə daha böyük inam verir. Biz hamımız ölənlər qarşısında kollektiv və vahid borca malikik. Bu borcu “şərəflə yerinə yetirməli” və həmin borcu onların nəsillərinə onqat geri qaytarmalıyıq”, - deyə həmin vaxt Paşinyan bildirmişdi. O, bundan əvvəl isə “Qarabağ Ermənistandır, vəssalam” deməyə də macal tapmışdı”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Şuşanın itirilməsi onun müdafiəsi zamanı yox, daha əvvəl başlayıb, Paşinyan 44 günlük müharibədəki “cəhdləri” barədə xeyli məlumat ötürür” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, sonra isə 2020-ci ilin 44 günlük müharibəsində Şuşa itirilib və ya planlı şəkildə təhvil verilib.

“Halbuki guya şəhəri saxlamaq üçün Nikol Paşinyan 2020-ci il oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq təklifini rədd etmişdi, çünki oraya azərbaycanlı qaçqınların qayıtmalı olduğu, amma qala şəhərinin erməni tərəfinin nəzarətində qalacağı deyilirdi. Yaxud da guya Paşinyan 2020-ci il noyabrın 7-də Şuşanın itirilməsi xəbərini alanda çox sarsılmış və həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyana şəhəri geri almaq üçün addımlar atmağı tapşırmışdı.

“Noyabrın 7-si günortadan sonra Baş Qərargah rəisi Onik Qasparyan mənə Şuşanın itirilməsi barədə məruzə etdi... Şuşanın itirilməsi xəbərini eşidəndə ilk reaksiyam tələb oldu: vəd etdiyinizi yerinə yetirin, Şuşanı saxlayın, geri alın. Nəhayət, mənə əks-hücumlarla bağlı məruzə etdilər...”, - deyə o, 2023-cü il iyunun 20-də İstintaq Komissiyasında bildirmişdi.

Başqa bir sual da budur: əvvəl biz yazdığımız kimi, Paşinyan Şuşanı əks-hücumla geri almaq barədə göstərişi hansı statusla verib, Ermənistanın baş naziri kimi, yoxsa ali baş komandan kimi?”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, fakt budur ki, Şuşanın müdafiəsini lazımi qaydada təşkil etməməkdə yalnız “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) keçmiş komandanı general Mikayel Arzumanyan ittiham olunur, halbuki onun işi noyabrın 7-si ilə yekunlaşır, əks-hücumlar isə Paşinyanın əmri ilə noyabrın 7-dən sonra həyata keçirilib.

Nəşrin yazdığına görə, 2024-cü ildə Ermənistan İstintaq Komitəsi “168.am”a bildirib ki, 2020-ci il noyabrın 7-dən sonra Şuşa istiqamətində baş verən hadisələr araşdırma predmeti olub.

“Mikayel Arzumanyan isə 2023-cü ilin iyulunda yaydığı bəyanatda Şuşanın müdafiəsinin təşkilinə toxunaraq, xüsusilə belə yazmışdı:

“Qarabağ müdafiə ordusu”nun komandanlığını 2020-ci il oktyabrın 27-də, rəqibin artıq bir neçə müdafiə xəttini keçərək Şuşa ətrafına yaxınlaşdığı, orduda xaotik vəziyyətin hökm sürdüyü, rəqibin həm havada, həm də yerdə mütləq üstünlüyə malik olduğu son dərəcə ağır şəraitdə üzərimə götürdüm. Mövcud vəziyyətdə sayca və silahlanma baxımından dəfələrlə üstün olan düşmənə qarşı maksimumu etdim və bəzi hallarda ciddi uğurlar da əldə etdik.

Lakin rəqib daha böyük qüvvə və vasitələr cəmləşdirdi, buna qarşı nə canlı qüvvə, nə də silah baxımından erməni tərəfinin kifayət qədər resursu yox idi, bu barədə siyasi rəhbərlik də yaxşı məlumatlı idi.

Mənə irəli sürülən ittihamlar isə birbaşa olaraq Ermənistanda müəyyən vaxtlarda hökm sürən siyasi vəziyyətlə, ayrı-ayrı şəxslərin Şuşanın təhvil verilməsi barədə bir-birinə qarşı ittiham səsləndirdiyi zaman ardıcıllığı ilə bağlıdır.

Məhz bu məqsədlə hədəf seçilmişəm ki, müəyyən şəxslər özlərinə yönələn ittihamları mənim üzərimə yıxsınlar. Məni tanıyanlar yaxşı bilirlər ki, 18 yaşdan silahla ölkə uğrunda vuruşmuşam, eləcə də “Şuşanın azad olunması”ndan (işğal olunmasından-red.) sonra şəhərə daxil olan ilk şəxslərdən biri olmuşam. Ona görə də hədəf olaraq seçilməyimi tamamilə təsadüfi hesab etmirəm”.

Maraqlıdır ki, İstintaq Komitəsi öz məlumatında əsas götürdüyü dövrün oktyabrın 30-dan başladığını bildirmişdi”, - deyə məqalədə bildirilib.

Nəşrə görə, 2020-ci il oktyabrın 29-da “168.am”a müsahibəsində “Qarabağ müdafiə ordusu”nun birinci komandanı Arkadi Karapetyan (Aqo) xəbərdarlıq etmişdi ki, müharibə Şuşa divarlarının altına çatıb və Azərbaycan Şuşanı, həmçinin daha çoxunu ələ keçirmək istəyir.

“Həmin gün “Qarabağ rəhbəri” Arayik Harutyunyan da bildiribmiş ki, “rəqib Şuşadan maksimum 5 kilometr məsafədədir”.

Son günlər qeyd olunan kontekstdə və Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanla bağlı söhbətlər yenidən fəallaşıb. O, qapalı görüş təşkil etməyi təklif edib, yəni Şuşanı geri almaq barədə Nikol Paşinyanın göstərişindən irəli gələn addımlar haqqında açıq danışmağa hazır olmadığını bildirib, halbuki elə həmin hakimiyyət və Nikol Paşinyan özü açıq şəkildə çox şey deyib. Belə halda hər şeyi məxfilik prinsipi ilə əsaslandırmaq nə dərəcədə məntiqlidir?

Hər halda, 44 günlük müharibə ilə bağlı hələ çox suallara keçmiş hərbi rəhbərlik cavab verməlidir”, - deyə nəşr bildirib.

Bu arada, “168.am” 44 günlük müharibədə Şuşanın itirilməsi barədə Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan və “Hayastan” fraksiyasının deputatı Geğam Manukyanla danışıb.


Tiqran Abrahamyanın fikrincə, Nikol Paşinyanın “Qarabağ heç vaxt bizim olmayıb” bəyanatı mahiyyət etibarilə 44 günlük müharibədə onun göstərdiyi “cəhdlər” və prioritetlər barədə kifayət qədər məlumat ötürür.

“Bu, təkcə Şuşa ilə bağlı deyil. Yəni müharibədə məğlubiyyət və Qarabağın təhvil verilməsi məsələsində bir əsas məsul şəxs var: bu, mövcud hakimiyyət və onun rəhbəri Paşinyandır. Mikayel Arzumanyana və başqalarına qarşı irəli sürülən ittihamlar, onların azadlıqdan məhrum edilməsi isə yalnız bir məqsəd daşıyır: məsuliyyəti özündən uzaqlaşdırmaq və başqalarının üzərinə yıxmaq. Paşinyanın Azərbaycan tezisləri ehtiva edən, yalnız Türkiyə-Azərbaycan tandeminə xidmət edən bəyanatları isə hakimiyyətin təslimçi siyasətini və onun ağır nəticələrini müəyyən dərəcədə neytrallaşdırmaq məqsədi daşıyır”, - deyə o, “168.am”a müsahibəsində bildirib.

Hadrutun itirilməsinin Şuşanın itirilməsinə nə dərəcədə gətirib çıxardığını və Şuşanı itirməyin əsaslarının 44 günlük müharibə zamanı nə vaxt qoyulduğunu isə Geğam Manukyan belə şərh edib:


“Həqiqətdə Şuşanın itirilməsi onun müdafiəsi zamanı yox, daha əvvəl başlayıb. 2018-ci ildə Nikol Paşinyan qeyri-sabit vəziyyətdə canlı efirdə “Qarabağ müdafiə ordusu”nun rəhbərliyini başsız qoymağa qərar verəndə, hakimiyyət yenicə formalaşdığı vaxt hərbçilərə, Qarabağ müharibəsi iştirakçılarına qarşı hücumlar başlayanda, cinayət işləri açılmağa başlayanda, hər addımda ordunun mahiyyətini şübhə altına almağa cəhd ediləndə başlayıb.

Bundan əlavə, ordunun mənəvi-psixoloji vəziyyəti hərbi yeməkxanalarda yalnız banan və kola yemək-içməkdən ibarət böyük PR aksiyasına çevriləndə. 44 günlük müharibənin birbaşa hərbi əməliyyatları zamanı Şuşanın niyə itirildiyi isə kompleks təhlil tələb edir.

Ermənistanın siyasi rəhbərliyi və hakim dairələr müharibənin lap əvvəlindən ölkəni və dövləti hərbi relslərə keçirmək istiqamətində atılmalı olan addımları tamamilə iflasa uğratdı və ard-arda gələn səhvlər müharibədə məğlubiyyətə gətirib çıxardı. Ermənistan xalqı isə bacarıqsızların ucbatından “Qarabağdakı ən böyük qələbə”ni əldən verdi”.

“168.am” yazıb ki, Bakıda ağır cinayətlərə görə həbs edilmiş erməniəsilli şəxslərin məhkəməsinin gündəliyində Şuşa əməliyyatı da yer alıb.

“Məsələn, məhkəmə iclaslarında Şuşa əməliyyatına aid videolar təqdim olunub. Orada, məsələn, Arkadi Ter-Tadevosyan Şuşanın nəzarətə götürülməsi və ya sırf hərbi baxımdan ələ keçirilməsi barədə danışır.

Bakı hərbi məhkəməsində digər videolar da göstərilib. Orada qeyd olunub ki, Şuşanın ələ keçirilməsi 4 istiqamətdə həyata keçirilib, bunlara Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan və Arkadi Karapetyan rəhbərlik ediblər, həmçinin Şuşa hücum əməliyyatında general Qurgen Dalibaltayanın da mühüm rolu olub. Onun sözlərinə istinad edən Azərbaycan məhkəməsində həmçinin qeyd edilib ki, əməliyyatda Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da iştirak ediblər.

Yəni Azərbaycan sübut edib ki, Şuşanın “alınması” (işğal edilməsi-red.) barədə əmri Ermənistanın hərbi-siyasi rəhbərliyi verib və buna görə də çoxşaxəli hazırlıq işi aparılıb.

Bundan əlavə, Bakı məhkəməsində hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa əməliyyatının əhəmiyyəti barədə danışdığı video da tədqiqata təqdim olunub və orada, Azərbaycan mediasının məlumatına görə, Sarkisyan belə deyib: “Şuşa əməliyyatının əhəmiyyəti o qədər böyük idi ki, orada şəxsən Robert Köçəryan da iştirak edib”.

Şuşanın nəzarətə götürülməsi barədə danışan bir neçə hissəli filmdə Serj Sarkisyanın müsahibəsi də yer alıb. O, orada belə deyib: “1992-ci ilin aprelində çıxılmaz vəziyyət yaranmışdı, Şuşaya hücum etməmək, Şuşanı ələ keçirməmək o demək idi ki, Qarabağın əhalisini, ilk növbədə isə Xankəndini yavaş ölümə məhkum edirsən, çünki hər gün Şuşadan Xankəndiyə ən azı 300-350 raket atılırdı, vəziyyət elə yerə çatmışdı ki, Şuşadan adi piyada silahının gülləsi belə Xankəndidə yaşayan üçün əlçatan idi”.

İndi isə Nikol Paşinyan davamlı olaraq “Qarabağ heç vaxt bizim olmayıb” deyəndə, bu, mahiyyət etibarilə Ermənistanın mövcud rəhbərliyinin Ermənistana işğalçı damğası vurması anlamına gəlir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin