Türkiyə HHQ-nin PUA imkanları genişlənir

2026/05/Ekran-1778430395.jpg
Oxunub: 445     20:19     10 May 2026    
“Operativ Pilotsuz Uçuş Aparatı Sistemlərinin Təchizatı Layihəsi” çərçivəsində həyata keçirilən müqavilə dəyişikliyi ilə təlimdən əməliyyat çevikliyinə qədər bir çox kritik qabiliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Ordu.az xəbər verir ki, İstanbul Sərgi Mərkəzində keçirilən sərgi çərçivəsində “Operativ Pilotsuz Uçuş Aparatı Sistemlərinin Təchizatı Layihəsi Əlavə Paket Müqavilə Dəyişikliyi” imzalanıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən 2022-ci il martın 25-də imzalanan “Operativ Pilotsuz Uçuş Aparatı Sistemlərinin Təchizatı Layihəsi Əlavə Paket Müqaviləsi” çərçivəsində Hərbi Hava Qüvvələri Komandanlığının əlavə simulyator, Mobil Yer Sistemi, “Pençe” buraxılış qurğusu və İHA-230 infrastrukturu ehtiyacına yönəlmiş müqavilə dəyişikliyi həyata keçirilib.

İmzalanan müqavilə dəyişikliyi ilə təchiz ediləcək əlavə simulyatorlar şəxsi heyətin təlim keyfiyyətini artıracaq, Mobil Yer Sistemi əməliyyat çevikliyinə töhfə verəcək, “Pençe” buraxılış qurğusu və İHA-230 infrastrukturu isə platformaların tapşırıq effektivliyini gücləndirəcək.

“Baykar” AKINCI pilotsuz uçuş aparatı və İHA-230

Məsələ ilə bağlı imza mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsi rəhbəri Haluk Görgün bunları deyib: “Bu müqavilə dəyişikliyi sahədəki ehtiyacların sürətli şəkildə qarşılanması və mövcud qabiliyyətlərin daha yüksək səviyyəyə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu münasibətlə TUSAŞ ailəsini və layihədə əməyi keçən bütün tərəfdaşlarımızı təbrik edir, müqavilə dəyişikliyinin Hərbi Hava Qüvvələrimiz və ölkəmiz üçün xeyirli olmasını arzulayıram”.

Dünyada ilk və yeganə: İHA-230 “hava-yer” ballistik supersəs raketi

ROKETSAN İHA-230-u ilk dəfə Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF’23-də nümayiş etdirib və bu sistemi dünya bazarında geniş müştəri auditoriyasına çatdırmağı hədəfləyir.

Türkiyənin silahlı pilotsuz uçuş aparatları sahəsində qazandığı uğurla birlikdə bu məhsulların effektiv əməliyyat mənzili artır, buna qarşılıq isə daha uzaq mənzillərdən hədəf nişanalması həyata keçirən hava hücumundan müdafiə sistemləri də hazırlanır.

Mövcud zərbə tipli pilotsuz uçuş aparatlarının əməliyyat bölgəsinə təhlükəsiz məsafədən zərbə endirə bilməsi və atdığı raketin hədəfə çox qısa müddətdə yönəlməsi bu baxımdan əhəmiyyət qazanır. Uzaq məsafədən və səs sürətindən yüksək sürətlə hədəfinə çatan İHA-230-a qarşı hava hücumundan müdafiə sistemlərinin qarşı tədbir görə bilməməsi bu sistemi ön plana çıxarır.

İHA-230 və İHA-122

Geniş mənzil diapazonuna malik və xərc baxımından effektiv məhsul olan İHA-230 yüksək sürətlə, qısa müddətdə və yüksək hündürlükdən hədəfə çatır. Gecə-gündüz əməliyyat apara bilən İHA-230 sabit quru və dəniz hədəflərinə, hava hücumundan müdafiə radar və rabitə sistemlərinə, yüngül zirehli quru və ya dəniz vasitələrinə, komanda mərkəzi kimi kritik obyektlərə, şəxsi heyətə və fürsət hədəflərinə qarşı effektiv güc yaradır.

Bundan əlavə, 20 kilometrədək yaxın mənzildə yerləşən çox kritik hədəfin ani kəşfiyyat məlumatı ilə saniyələr içində vurulması da sistemin imkanları arasındadır.

Əməliyyat istifadəsi raketin buraxıldığı sürət və hündürlükdən asılı olaraq maksimum 150 kilometr olaraq müəyyənləşdirilib. Zərbə tipli pilotsuz uçuş aparatlarından bu mənzilə çatan başqa sistemin olmaması onu dünyadakı rəqiblərindən fərqləndirir.

Qəlpəli döyüş başlığına malik İHA-230-a fərqli hədəf növlərinə qarşı termobarik, yarımdəlici, çoxməqsədli kimi döyüş başlıqlarının əlavə olunması planlaşdırılır. Bundan əlavə, lazer axtarış başlığının inteqrasiyası ilə bağlı işlər də aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   PUA  


Bizi "telegram"da izləyin