Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesində innovativ və milli sistemlər hazırlayan STM taktiki PUA ailəsini sahədəki əməliyyat ehtiyaclarına uyğun yeni imkanlarla gücləndirməyə davam edir.
Bu çərçivədə hazırlanan TOGAN-NEST inteqrasiyası kritik infrastruktur və obyektlərin təhlükəsizliyində insan faktorunu minimuma endirən, tam avtonom və fasiləsiz fəaliyyət göstərə bilən müşahidə konsepsiyası təqdim edir.
STM tərəfindən kəşfiyyat və müşahidə tapşırıqları üçün hazırlanan və 4 ildən artıq müddətdə Türkiyə Təhlükəsizlik Qüvvələri tərəfindən uğurla istifadə edilən milli müşahidə PUA-sı TOGAN NEST texnologiyası sayəsində 24/7 əməliyyat hazırlığı səviyyəsinə çatıb. NEST sistemi çətin relyef və ətraf mühit şəraitində TOGAN üçün qorunan yuva, eyni zamanda ağıllı enerji doldurma stansiyası funksiyasını yerinə yetirərək PUA-nın logistika yükünü azaldır və tapşırıq davamlılığını artırır.
İnsan müdaxiləsinə ehtiyac duymayan ağıllı əməliyyat prosesi
STM-nin hazırladığı bu inteqrasiya olunmuş sistem fırlanan qanadlı kəşfiyyat PUA-sı TOGAN ilə tam avtomatik NEST yuvasının sinxron fəaliyyətinə əsaslanır. Sistem heç bir xarici müdaxiləyə ehtiyac duymadan özünü idarə edən avtonom tapşırıq dövrü təqdim edir.
Tapşırıq vaxtı NEST-in qapaqları açıldıqdan sonra TOGAN avton şəkildə havaya qalxır. Uçuş zamanı əldə edilən yüksək keyfiyyətli görüntülər qabaqcıl RF/LTE rabitə infrastrukturu vasitəsilə anlıq olaraq komanda mərkəzinə ötürülür. Tapşırığını tamamlayan TOGAN dəqiq eniş texnologiyası sayəsində yuvaya millimetr dəqiqliyi ilə geri qayıdır. Avtomatik hizalama mexanizmləri vasitəsilə enerji dolduran platforma cəmi 35 dəqiqə ərzində növbəti tapşırıq üçün yenidən hazır vəziyyətə gəlir.
NEST ilə fasiləsiz və şəxsi heyətsiz əməliyyat
İnteqrasiya olunmuş elektro-optik və infraqırmızı (EO/IR) faydalı yük sistemləri sayəsində kompleks gecə-gündüz fasiləsiz “aşkarlama-qərar-müdaxilə” dövrünü həyata keçirərək kritik infrastrukturların mühafizə səviyyəsini maksimum həddə çatdırır. Sistem çoxsaylı PUA yuvası arxitekturası ilə obyektlərin ölçüsünə uyğun genişləndirilə bilən müşahidə şəbəkəsi təqdim edir.
NEST Ağıllı Yuva Sistemi tərkibindəki qabaqcıl sensor və kamera şəbəkələri sayəsində operatora uzaqdan qərarvermə imkanı qazandırır. Aşağı gecikməli məlumat ötürmə infrastrukturu ilə dəstəklənən bu ekosistemdə TOGAN insan müdaxiləsinə ehtiyac olmadan tam avtonom və ya uzaqdan idarə olunan şəkildə tapşırıq yerinə yetirə bilir.
Çətin relyef şəraitinə inteqrasiya edilən NEST və daxilində yerləşən TOGAN sayəsində bölgədə şəxsi heyət saxlamaq zərurəti aradan qalxır, fasiləsiz “aşkarlama-qərar-müdaxilə” dövrü isə strateji üstünlük kimi təqdim olunur.
Güləryüz: TOGAN NEST enerji xətləri, kritik obyektlər və sərhəd təhlükəsizliyində effektiv olacaq
STM-nin baş direktoru Özgür Güləryüz STM-nin yalnız platforma istehsal etmədiyini, eyni zamanda bu platformaların sahədəki effektivliyini artıran innovativ həllər hazırladığını vurğulayaraq bildirib:
“Sahədə özünü uğurla sübut edən müşahidə PUA-mız TOGAN ağıllı yuva sistemi NEST ilə öz enerjisini idarə edə bilən, çətin hava şəraitindən qoruna bilən və hər an tapşırığa hazır sistemə çevrilir. Enerji istehsalı sahələri, neft və qaz boru xətləri, strateji sənaye obyektləri və sərhəd təhlükəsizliyi kimi sahələrdə effektiv olacaq bu texnologiya həm vaxta qənaət edəcək, həm müşahidədə nəzarət sahəsini genişləndirəcək, həm də şəxsi heyət ehtiyacını azaldaraq əməliyyat təhlükəsizliyini ən yüksək səviyyəyə çatdıracaq”.
Müşahidə PUA-sı TOGAN
Taktiki səviyyəli kəşfiyyat, müşahidə və istihbarat tapşırıqlarında istifadə üçün hazırlanan TOGAN PUA-sı özünəməxsus uçuş idarəetmə sistemi və tapşırıq planlaşdırma proqram təminatı ilə avtonom fəaliyyət göstərə bilir.
Bir nəfər tərəfindən daşına və istifadə oluna bilən TOGAN 10 kilometr məsafəyə, 45 dəqiqədən artıq havada qalma müddətinə malikdir. TOGAN qabaqcıl elektro-optik və infraqırmızı kamera vasitəsilə 40 dəfəyədək yaxınlaşdırma ilə sabit və hərəkətli hədəfləri avtonom şəkildə izləyə bilir.
2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən TOGAN 2024-cü ildə iki Afrika ölkəsinə ixrac olunub. STM peyk sisteminin sıradan çıxdığı hallarda PUA-ların fəaliyyət göstərə bilməsini təmin edən KERKES texnologiyasını da milli müşahidə PUA-sı TOGAN-a inteqrasiya edərək Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.
NEST ağıllı yuva sisteminin texniki xüsusiyyətləri
NEST-in ümumi çəkisi: 450 kq
Daşıdığı PUA sayı: 1 ədəd
Enerji doldurma müddəti: 35 dəqiqə
Sensor dəsti: Küləyin sürəti, yağıntı, mühit temperaturu və rütubət, kabinə daxili temperatur, xarici mühit kamerası
Sevinc Əliyeva
Ordu.az