Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən yazır.
Xarkovun Novobavarski və Şevçenkovski rayonlarında pilotsuz uçuş aparatları yeddi fərdi yaşayış evinə ziyan vurub. Bu barədə şəhər meri İqor Terexov məlumat verib. İki nəfər xəsarət alıb.
Zaporojyedə sənaye infrastrukturuna aid obyektə zərbə endirilib. “Xəsarət alan yoxdur”, - deyə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov “Telegram” kanalında yazıb.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin ABŞ-nin prezidenti Donald Trampla telefon danışığı zamanı 9 May Qələbə Günü münasibətilə Ukraynada atəşkəs elan etməyi təklif etmişdi. Bundan sonra Rusiya Müdafiə Nazirliyi birtərəfli qaydada mayın 8-i və 9-da atəşin dayandırılacağını bəyan edib.
Buna cavab olaraq Zelenski bir neçə gün daha gözləməməyə çağırıb və “sükut rejimi”nin məhz mayın 5-dən 6-na keçən gecə başlayacağını bildirib. O, eyni zamanda vurğulayıb ki, atəşkəs dövründə Ukrayna ordusu güzgü prinsipi ilə hərəkət edəcək. Ukrayna Xarici İşlər Nazirliyi də əlavə edib ki, Kiyev müharibəni dayandırmağa hazırdır və mayın 6-sı Rusiyanın da bunu istəyib-istəmədiyini göstərəcək.
Əvvəlki axşam Rusiya ordusu Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib. Donetsk vilayətinin Kramatorsk şəhərində fuqas aviasiya bombalarının istifadəsi nəticəsində 16 çoxmənzilli bina, bərbərxana, mağazalar və avtomobillər zərər görüb. 6 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.
Balistik raketlərin hədəfində Dnepr şəhəri də olub. Burada sənaye müəssisələrinə zərbələr endirilib. Nəticədə 4 nəfər ölüb, 19 nəfər yaralanıb. Bundan başqa, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin infrastrukturu da zədələnib.
Zaporojye vilayətində baş verən atəş nəticəsində 12 nəfər ölüb. Xəsarət alan 43 sakindən 18-i xəstəxanaya yerləşdirilib.
Sevinc Əliyeva
Ordu.az