“Joğovurd”: Ermənistan Silahlı Qüvvələrində narahatedici mənzərə var, intizam problemləri dərinləşib

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 466     09:32     06 May 2026    
Ermənistan Baş Prokurorluğunun 2025-ci il fəaliyyəti haqqında hesabatı Silahlı Qüvvələr daxilində toplanmış ciddi problemlərin növbəti qatını üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, bəzi göstəricilərdə azalma qeydə alınsa da, ümumi mənzərə ciddi narahatlıq doğurmaqda davam edir.

“Məlumata görə, 2025-ci ildə Silahlı Qüvvələrdə və hərbi hissələrdə 2248 hadisə qeydə alınıb, halbuki əvvəlki ildə bu rəqəm 2093 idi. Beləliklə, bir il ərzində hadisələrin sayı 155 və ya 7,4 faiz artıb. Ən səs-küylü artım insidentlərlə bağlı olub.

Əgər 2024-cü ildə 762 hadisə qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 1027-yə çatıb. Bu isə 265 hadisə və ya 34,8 faizlik kəskin artım deməkdir.

Bunu təsadüflə izah etmək çətindir. Hesabatda ümumi cinayətlərin sayı müəyyən qədər azalıb, 1331-dən 1221-ə düşüb. Lakin bu, vəziyyəti müsbət kimi təqdim etməyə əsas vermir. Ağır və xüsusilə ağır cinayətlərin sayı 217-dən 143-ə ensə də, yüksək kriminal fon qorunub saxlanılır və bəzi istiqamətlərdə vəziyyət daha da pisləşib”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, xüsusilə hərbi tabelik və nizamnamə münasibətlərinə qarşı yönələn cinayətlərin 351 hadisəyə çatdığı bildirilir.

“Hərbi əmlakın istifadəsi və qorunması qaydalarının pozulması hallarında da 47 faizlik ciddi artım qeydə alınıb. İctimai təhlükəsizliyə qarşı yönələn cinayətlər isə demək olar ki, partlayış tempində artaraq 164-dən 235-ə yüksəlib, yəni 43,3 faiz çoxalıb. Ayrı narahatlıq doğuran məqamlardan biri də açılma səviyyəsinin aşağı düşməsidir.

2025-ci ildə qeydə alınmış 1221 cinayətin 100-ü üzrə təqsirkar şəxslər müəyyən edilməyib. Nəticədə açılma faizi 93,6-dan 91,8-ə enib. İntizam böhranından xəbər verən başqa bir məqam da xidmətdən yayınma göstəriciləridir. Məcburi xidmətdən yayınma halları azalaraq 1164 olsa da, təlim toplanışlarından yayınma halları kəskin artaraq 532-yə çatıb. Bu isə 75,6 faizlik artım deməkdir”, - deyə nəşr yazıb.

Qeyd edilir ki, nisbətən yeganə müsbət göstərici ölüm hallarının azalması sayılır.

“2025-ci ildə xidmətlə bağlı 9 ölüm qeydə alınıb, halbuki 2024-cü ildə bu rəqəm 27 idi. Ancaq burada da mənzərə sakitləşdirici deyil. Belə ki, intihara sövq etmə, vəzifə səhlənkarlığı, tibbi səhv, xəstəlik və hətta ildırım vurması nəticəsində ölüm halları qeydə alınıb. İl ərzində 375 hərbçi müxtəlif dərəcəli bədən xəsarəti alıb, onlardan 44-ü ağır xəsarət alıb.

Korrupsiya sahəsində də ziddiyyətli mənzərə müşahidə olunur. İstintaqı tamamlanan icraatların sayı 214-dən 200-ə ensə də, həmin işlər üzrə qeydə alınan zərər təxminən beş dəfə artaraq 35,7 milyon dramdan 175 milyon drama çatıb. Ümumilikdə 3818 cinayət icraatı tamamlanıb.

Onlardan 943-ü, 1070 nəfər barədə məhkəməyə göndərilib, 2875 icraat isə dayandırılıb və onların əhəmiyyətli hissəsi bəraətverici əsaslarla bağlanıb. Məhkəmələrdə də mənzərə birmənalı deyil. 708 iş üzrə ittiham hökmü çıxarılsa da, 43 iş üzrə 49 nəfərə bəraət verilib və bu da əvvəlki illə müqayisədə artım deməkdir”, - deyə nəşr bildirib.

“Joğovurd” yazıb ki, dövlətə vurulan zərər 411,7 milyon dram təşkil edib, bunun yalnız təxminən 108,7 milyon dramı istintaqdan əvvəlki mərhələdə bərpa olunub.

“Dövlət maraqlarının qorunması sahəsində qeydə alınan zərər isə 1,43 milyard dramı keçib. Ölüm hallarının və ağır cinayətlərin azalması əsas reallığı ört-basdır edə bilməz. Silahlı Qüvvələrdə insidentlər kəskin artır, intizam pozuntuları dərinləşir, bəzi cinayət növləri genişlənir, sistemli problemlər isə həll olunmamış qalır. Bu, artıq sadəcə statistika deyil, təhlükəsizlik sistemi daxilində səslənən ciddi siqnaldır”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Cinayət  


Bizi "telegram"da izləyin