Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan bildirib.
“Xüsusilə, süni zəka, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Fransanın Avropa məsələləri üzrə səlahiyyətli naziri Benjamen Haddad ilə birlikdə imzaladım.
Memorandumun məqsədi qeyd olunan strateji sahələrdə iki ölkə arasında əməkdaşlığı təşviq etmək, elmi-tədqiqat və innovasiya imkanlarını inkişaf etdirmək, həmçinin birgə layihələrin həyata keçirilməsinə dəstək verməkdir. Sənəd yüksək məhsuldarlıqlı hesablama infrastrukturunun inkişafı, məlumat elmi və maşın öyrənməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin süni zəkanın iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi daxil olmaqla geniş əməkdaşlıq sahələrini əhatə edir.
Digər mühüm sənəd, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Fransanın Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Fransanın silahlı qüvvələri və veteran məsələləri üzrə səlahiyyətli naziri Alis Rufo ilə birlikdə imzaladım”, - deyə o qeyd edib.
Hayrapetyan bildirib ki, sənəd hərbi texnologiyalar və müdafiə sistemlərinin tədqiqatı, inkişafı və innovasiyası sahəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
“Bu, təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və müdafiə sənayesinin inkişafını nəzərdə tutan birgə fəaliyyət çərçivəsini müəyyən edir. İmzalanmış sənədlər yüksək texnologiyalar sahəsində Ermənistan-Fransa əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar yaradır, texnoloji tərəqqiyə, innovasiya ekosistemlərinin inkişafına və ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir”, - deyə nazir bildirib.
Alpər Mövludoğlu
Ordu.az