Türkiyə müdafiə sənayesində yerli istehsal və innovasiyası ilə diqqət çəkən TEOPS şirkətinin baş direktoru Yaşar Ercan “DefenseHere”a açıqlama verib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Yaşar Ercan bildirib ki, şirkət həm Türkiyədə, həm də beynəlxalq bazarlarda böyüməyi hədəfləyir və bu strategiyada Asiya regionu mühüm yer tutur.
Ercan qeyd edib ki, şirkətin artıq Asiya bazarına yönəlmiş ixrac fəaliyyəti mövcuddur və xüsusilə Vyetnam və Çinə satışlar həyata keçirilir. Bu bazarlara əlavə olaraq Malayziyanın da daxil edilməsi planlaşdırılır və bu istiqamətdə intensiv işkişaf fəaliyyəti aparılır.
Ercan vurğulayıb ki, bu fəaliyyətlər yalnız sərgilərlə məhdudlaşmır, sərgi xaricində də iş inkişafı təşəbbüsləri davam etdirilir. O qeyd edib ki, Türkiyə müdafiə sənayesi şirkətləri regionda aktiv rol oynayır və bu çərçivədə ASELSAN və ROKETSAN-ın liderliyi ilə mühüm əməkdaşlıqlar qurulub, həmçinin “Otokar” və FNSS-in platforma əsaslı layihələri də diqqət çəkir.
Ercan əlavə edib ki, TEOPS xüsusilə elektro-optik sahədə yarımfabrikat həllər təqdim etməyə fokuslanıb və bu sahə yüksək texnologiya və bilik tələb edir. O bildirib ki, elektro-optik texnologiyalarda bilik bazasının formalaşdırılması çətindir və onun davamlılığı kritik əhəmiyyət daşıyır.
Malayziyada insan resurslarının yüksək dövriyyəsinin bu sahədə ciddi çətinlik yaratdığını qeyd edən Ercan strateji şirkətlərlə əməkdaşlığın region ölkələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O bildirib ki, bu bazar TEOPS üçün mühüm potensiala malikdir.
Ercan əlavə edib ki, Malayziya ilə yanaşı şirkət ümumilikdə Mərkəzi Asiya regionunu da böyümə strategiyası çərçivəsində qiymətləndirir və bu regiondakı imkanlar yaxından izlənilir.