Ordu.az xəbər verir ki, qapalı və açıq olmaqla ümumilikdə 400 min kvadratmetr sahədə keçiriləcək SAHA 2026 bunun 20 min kvadratmetrini açıq sərgi sahəsi kimi ayıraraq bu günə qədərki ən böyük tədbirlərdən birinə imza atacaq.
120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin, 200 mindən artıq ziyarətçinin və 30 mindən çox sektor peşəkarının iştirakı gözlənilir.
Sərgi çərçivəsində planlaşdırılan 30 mindən çox B2B görüş təşkilatı sadəcə vitrin olmaqdan çıxararaq birbaşa biznes inkişafı, təchizat zənciri uyğunlaşdırılması və strateji tərəfdaşlıqların qurulması platformasına çevirəcək.
İqtisadi təsir və ixrac hədəfləri
SAHA 2026-da həmçinin 203 yeni məhsul təqdimatı və ümumilikdə 164 imzalanma mərasimi keçiriləcək. Bu göstərici əvvəlki sərgidə əldə edilən ixrac yönümlü razılaşmaların təxminən 3 qatına bərabər olmaqla tədbirin artan iqtisadi təsirini ortaya qoyur. SAHA 2024-də əldə olunan 6,2 milyard dollarlıq ixrac müqavilələrinin SAHA 2026-da ən azı 8 milyard dollara çatdırılması hədəflənir.
Avropa, ABŞ və Kanada-dan iştirak ön plana çıxarkən dünyanın 4 qitəsindən çoxsaylı şirkətlər, şirkət nümayəndələri, rəsmi heyətlər, ticarət nümayəndə heyətləri və ziyarətçilər SAHA 2026-da bir araya gələcək.
Yeni texnologiyalar və canlı nümayişlər
Çoxsaylı yüksək texnologiyalı və oyun qaydalarını dəyişdirən yeni məhsullar ilk dəfə qlobal ekosistemlə SAHA 2026-da görüşəcək. Bundan əlavə insansız quru platformaları və planet səyyahı (rover) sahələrində Türkiyədə hazırlanmış ən son texnologiyalı avtonom vasitələr xüsusi hazırlanmış marşrutlarda öz imkanlarını nümayiş etdirəcək.
Sərgi çərçivəsində həmçinin hərbi dəniz qüvvələrinə aid platformalar da ziyarətçilərə açıq olacaq. Dünyanın ilk zərbə tipli pilotsuz uçuş aparatı gəmisi kimi tanınan TCG “Anadolu” başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Ataköy Marina və Sarayburnu limanında yerləşdiriləcək. Yerli və milli insansız dəniz platformaları da Ataköy Marinada nümayiş etdiriləcək. SAHA 2026-da 9 may ictimaiyyət günü kimi planlaşdırılıb.
Önə çıxan müdafiə sistemləri
SAHA 2026-da çoxsaylı texnologiyalar ilk dəfə nümayiş etdiriləcək. Bu çərçivədə “Baykar” tərəfindən milli və orijinal olaraq hazırlanmış, 1000 kilometrdən artıq məsafəyə malik və süni zəka dəstəkli avtonom imkanları ilə diqqət çəkən MIZRAK ağıllı “gəzən sursat” sərgidə təqdim olunacaq. “Baykar”ın hazırladığı K2 Kamikadze Pilotsuz Uçuş Aparatı və “Sivrisinek” “gəzən sursat” da ilk dəfə SAHA 2026-da nümayiş etdiriləcək.
ASELSAN isə 5 yeni məhsul və 6 məhsulun yeni versiyaları ilə gələcəyin milli texnologiyalarını SAHA 2026-da qlobal müdafiə ekosistemi ilə bir araya gətirəcək. Şirkət sərgi ərzində “mavi vətən”in yeni zərbə güclərini, “Polad Günbəz”ə yeni imkanlar qazandıracaq müxtəlif texnologiyaları və hava hücumunda oyun qaydalarını dəyişəcək yeni sistemləri təqdim edəcək.
ROKETSAN və FNSS əməkdaşlığı ilə yaradılan və ictimaiyyətdə “lazer silahı” kimi tanınan ALKA-KAPLAN HİBRİT Yönləndirilmiş Enerji Silah Sistemi Platforması əlavə imkanlarla SAHA 2026-da təqdim olunacaq. Sərgidə ROKETSAN-ın ən yeni və qabaqcıl texnologiyalı məhsulları da nümayiş etdiriləcək.
STM isə müasir döyüş sahəsinin tələblərinə uyğun hazırladığı hava və dəniz sistemlərini ilk dəfə SAHA 2026-da təqdim edəcək. Şirkətin sərgidə ön plana çıxaracağı milli texnologiyalar arasında uzun mənzilli kamikadze pilotsuz uçuş aparatı yer alır. Sabit qanadlı kamikadze pilotsuz uçuş aparatı ALPAGU-nun artırılmış məsafə və faydalı yük imkanlarına malik yeni versiyası, hava hücumundan müdafiə konsepsiyasına innovativ yanaşma gətirən önləyici pilotsuz uçuş aparatı sistemi, ani kəşfiyyat və məlumat axını təmin edəcək mini kəşfiyyat-müşahidə sistemi də ilk dəfə ictimaiyyətə təqdim olunacaq.
Beynəlxalq iştirak və panellər
Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edəcək. Bundan əlavə 25-dən çox xarici nazirin və yüksək səviyyəli çoxsaylı hərbi rəsmilərin iştirakı tədbirin beynəlxalq görünürlüğünü və strateji təsirini daha da artıracaq.
Proqram çərçivəsində keçiriləcək 17 beynəlxalq panel, 4 “Space Talks” sessiyası və əsas çıxışlar ilə müdafiə texnologiyalarının gələcəyi, təhlükəsizlik arxitekturası, sənaye transformasiyası və yeni əməkdaşlıq modelləri geniş şəkildə müzakirə ediləcək. Bu çərçivədə çoxsaylı dövlət başçılarının, nazirlərin, baş qərargah rəislərinin və qoşun komandanlarının rəhbərlik etdiyi heyətlərin sərgiyə yüksək səviyyəli səfərləri baş tutacaq. İştirakçı şirkətlərlə birbaşa görüşlər keçirilərək beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi hədəflənir.
İnvestisiya və kosmik ekosistem fokusunda
SAHA 2026-nın bu il önə çıxan əsas mövzularından biri investisiya ekosistemi olacaq. Sərgi çərçivəsində beynəlxalq investisiya fondları, maliyyə qurumları və strateji investorlarla yanaşı NATO İnnovasiya Fondu (NIF) və NATO DIANA proqramı çərçivəsində fəaliyyət göstərən şirkətlər də iştirak edəcək.
Tədbirdə KOBİ-lərin qlobal bazarlara çıxışı, maliyyə resurslarına əlçatanlığı və beynəlxalq əməkdaşlıqlara inteqrasiyası dəstəklənəcək. Sərginin ikinci əsas mövzusu isə kosmik ekosistem olacaq. SAHA 2026 çərçivəsində yaradılacaq Kosmos Pavilyonu və xüsusi dizayn edilmiş Space Dome sahəsi ilə kosmik texnologiyalar daha görünən hala gətiriləcək.
Sevinc Əliyeva
Ordu.az