Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan şəxs ciddi nəzarət altında saxlanılır

2026/04/1777178803.jpg
Oxunub: 346     10:52     03 May 2026    
ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Kol Tomas Allenin vəkilləri bildiriblər ki, o, intiharın qarşısının alınması tədbirləri səbəbindən ləyaqətindən və resurslardan məhrum edilir.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Şənbə günü təqdim edilən müraciətdə vəkillər Allenə tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər və bu tədbirləri “alçaldıcı” adlandırıblar.

Onlar bildiriblər ki, Allenin “intihara meyilli şəxslər siyahısına daxil edilməsi” və tətbiq edilən tədbirlər ABŞ Konstitusiyası ilə təmin olunan hüquqi prosedur qaydalarının pozulmasıdır, çünki onun intihar meyli olmayıb.

Rəsmilərin məlumatına görə, Allen Vaşinqtondakı “Washington Hilton” otelinin girişində saxlanılıb. Hadisə aprelin 25-də baş verib.

31 yaşlı Allen yerə yıxılaraq saxlanılıb. Müdafiə tərəfi bildirir ki, o, saxlanıldığı andan etibarən müxtəlif səviyyələrdə nəzarət altında saxlanılır.

Vəkillərin sözlərinə görə, Allen müəyyən müddət “təhlükəsiz kamerada” saxlanılıb. Bu kamera yumşaq divarları, daimi işıqlandırması və 24 saatlıq təcrid rejimi ilə xarakterizə olunur.

O, xüsusi geyim geyinməyə məcbur edilib, giriş-çıxış zamanı yoxlanılıb və yalnız hüquqi və tibbi səbəblərlə kameradan çıxmasına icazə verilib.

Vəkillər bildirirlər ki, bu məhdudiyyətlər onun digər şəxslərlə ünsiyyət qurmasına, dərmanlardan və həbsxana planşetlərindən istifadə etməsinə imkan verməyib.

Allen prezidentə qarşı sui-qəsd cəhdi, silahların qanunsuz daşınması və zorakı cinayət zamanı silahdan istifadə ittihamları ilə üzləşir. Məhkəmə onun həbsdə saxlanılmasına qərar verib və o, günahını qəbul etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Allen  


Bizi "telegram"da izləyin