ASELSAN-ın hava radiostansiyası JF-17 döyüş təyyarəsinin missiya kompüterinə inteqrasiya edilib

2026/05/1777741735.jpg
Oxunub: 703     21:07     02 May 2026    
ASELSAN-ın “ARTCom” 9681 V/UHF-A hava radiostansiyası Pakistan istehsalı JF-17 döyüş təyyarəsinin missiya kompüterinə inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il fəaliyyət hesabatı ictimaiyyətə təqdim olunub.

Hesabatda şirkətin il ərzində həyata keçirdiyi kritik fəaliyyətlərə, əldə etdiyi texnoloji inkişaflara və uğurla tamamlanan layihə mərhələlərinə ətraflı şəkildə yer verilib.

Hesabatda diqqət çəkən yeniliklərdən biri də ASELSAN tərəfindən hazırlanmış “ARTCom” 9681 VUHF-A hava radiostansiyasının Pakistan istehsalı JF-17 “Thunder” döyüş təyyarəsinin missiya kompüterinə inteqrasiya edilməsi olub. Bu çərçivədə bütün sınaqların uğurla tamamlandığı və bir Mərkəzi Asiya ölkəsinin inventarına daxil edildiyi bildirilib. Sözügedən inkişaf bu radiostansiyanın xarici platforma istehsalçısı tərəfindən həyata keçirilən ilk inteqrasiyası olması baxımından diqqət çəkir.

Bununla yanaşı, seriyalı istehsalı davam edən hava radiostansiyalarından 2025-ci ildə 347 ədəd təhvil verildiyi bildirilib. Yaxın Şərq ölkələrindən birinə ixrac edilən PUA platforması üçün “ARTCom” 9682 V/UHF radiostansiyasının da ilk təhvilinin və qəbulunun tamamlandığını açıqlayan ASELSAN bunun həmin radiostansiyanın ilk ixracı olduğunu da qeyd edib.

“ARTCom” 9681

ASELSAN tərəfindən hazırlanmış “ARTCom” 9681 VUHF-A VHF və UHF diapazonlarında (30-512 MHz) işləyən, yeni nəsil yüksək performanslı rəqəmsal arxitekturalı hava radiostansiyası sistemidir. Proqram təminatı ilə müəyyən olunan radio (SDR) arxitekturası əsasında qurulan sistem milli/NATO tezlik sıçrayışlı və şifrəli səs və məlumat rabitəsini təmin edir. Proqramlaşdırılan arxitekturası sayəsində müxtəlif dalğa formalarını və qabaqcıl elektron qoruma tədbirlərini dəstəkləyir, ehtiyaclara uyğun rabitə ssenarilərinə görə yenidən konfiqurasiya edilə bilir.

Sistem döyüş təyyarələri kimi yüksək sürətli platformalarda həyati əhəmiyyət daşıyan sürətli reaksiya tələbləri nəzərə alınaraq hazırlanıb və istifadəçi dostu interfeysə malikdir. DO-254 sertifikatlaşdırma prosesləri əsasında hazırlanmış “ARTCom” 9681 VUHF-A hərbi aviasiya standartlarına tam uyğunluq göstərir. Sistemin uzaqdan idarəetmə bloku da eyni sertifikatlaşdırma bazası üzərində qurulub və hava platformaları ilə inteqrasiya olunmuş işləmə qabiliyyəti təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   JF-17  


Bizi "telegram"da izləyin