İsrail HHQ-nin iki hərbçisi İran kəşfiyyatı üçün işlədiyinə görə saxlanılıb

2026/04/1776972710.jpg
Oxunub: 508     23:26     23 Aprel 2026    
İsrail Müdafiə Ordusunun (SAXAL) Hərbi Hava Qüvvələrində xidmət edən iki hərbçi İran kəşfiyyatının agentlərinin tapşırığı ilə təhlükəsizlik pozuntuları törətdiklərinə görə saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail polisinin bəyanatında deyilir.

Məlumata görə, Mərkəzi dairə polisinin əməkdaşlarının, ŞABAK-ın, hərbi polisin istintaq bölməsinin və SAXAL-ın informasiya təhlükəsizliyi bölməsinin birgə əməliyyatı çərçivəsində 2026-cı ilin martında Hərbi Hava Qüvvələrində texnik kimi xidmət edən iki hərbçi saxlanılıb. Onlar İran kəşfiyyatının agentləri ilə əlaqə qurmaqda və onların rəhbərliyi altında təhlükəsizliklə bağlı tapşırıqları yerinə yetirməkdə şübhəli bilinirlər.

Dindirmə zamanı onlar bildiriblər ki, silah-sursatla bağlı tapşırıqları yerinə yetirməkdən imtina etdikdən sonra iranlı kuratorlarla əlaqə kəsilib. Lakin hətta kuratorların təşəbbüsü ilə əlaqə dayandırıldıqdan sonra da onlar maddi qazanc əldə etmək məqsədilə bu əlaqəni bərpa etməyə cəhd göstərməkdən əl çəkməyiblər.

Bu gün səhər hər ikisinə qarşı ittiham irəli sürülüb. Hərbçilərdən birinə müharibə dövründə düşmənə yardım göstərmək, düşmənə məlumat ötürmək, xarici agentlə əlaqə yaradılmasına kömək etmək və digər hüquq pozuntularına görə ittiham irəli sürülüb. Digər hərbçiyə isə xarici agentlə əlaqə saxlamaq, düşmənə məlumat ötürmək və digər hüquq pozuntularına görə ittiham verilib.

İttiham aktına görə, bir neçə ay ərzində hər iki hərbçi İran kəşfiyyatının agentləri ilə əlaqə saxlayıb və onların göstərişi ilə pul qarşılığında müxtəlif tapşırıqları yerinə yetiriblər. Hərbçilərdən biri hətta iranlı agentə qırıcı aviasiya sistemləri ilə bağlı hərbi hazırlıq materiallarını, eləcə də hərbi bazanın obyektləri və zonaları barədə sənədləri ötürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin