Ordu.az xəbər verir ki, yeni plan isə köhnə sistemi təkmilləşdirməkdir.
ABŞ Müharibə Nazirliyi ölkənin qlobal mövqeləndirmə infrastrukturunda əsas rol oynayan GPS peykləri üçün yeni yerüstü idarəetmə sisteminin hazırlanmasını hədəfləyən GPS “Next-Generation Operational Control System” (OCX) proqramını rəsmi şəkildə ləğv edib. ABŞ Kosmik Qüvvələrinin açıqlamasında bildirilib ki, qərar aprelin 17-də Pentaqonun satınalmaya cavabdeh rəsmisi Maykl Daffi tərəfindən təsdiqlənib.
Təxminən 16 ildir davam edən, 8 milyard dollar vəsait xərclənən və çoxsaylı texniki gecikmələrlə üzləşən proqramın ləğvi ABŞ-nin GPS infrastrukturunda uzun müddətdir gözlənilən modernizasiya prosesində mühüm qırılma kimi qiymətləndirilir. OCX, GPS III nəsli peyklərinin yeni nəsil siqnallarını idarə etmək üçün nəzərdə tutulmuşdu.
Təqvim illərlə uzandı
2010-cu ildə “Raytheon”a (hazırkı adı ilə RTX Corporation) verilən müqavilə çərçivəsində proqramın 2016-cı ildə tamamlanması və xərclərin 3,7 milyard dollar səviyyəsində qalması hədəflənmişdi. Lakin proses irəlilədikcə həm texniki problemlər, həm də hazırlama gecikmələri səbəbindən xərclər demək olar ki, iki dəfə artaraq 8 milyard dollara yaxınlaşıb.
RTX sistemi 2025-ci ildə təhvil verdiyini açıqlasa da, son sınaqlarda sistemin əməliyyat istifadəsinə hazır olmadığı müəyyən edilib.
Amerikalı hərbi rəsmilər inteqrasiya sınaqları zamanı çoxsaylı ciddi problemlərin ortaya çıxdığını bildiriblər. Sistemin müxtəlif qabiliyyət sahələrində yaranan nasazlıqlarının həm hərbi, həm də mülki GPS xidmətlərini risk altına sala biləcəyi vurğulanıb.
Köhnə sistem modernləşdiriləcək
OCX proqramının ləğv edilməsindən sonra ABŞ Kosmik Qüvvələri GPS infrastrukturunda tamamilə yeni idarəetmə sistemi əvəzinə mövcud, onilliklər yaşı olan köhnə yerüstü idarəetmə sistemini inkişaf etdirməyə davam etmək qərarı verib.
Bu yanaşma sayəsində GPS III nəsli peyklərinin təqdim etdiyi qabaqcıl imkanların sistemə mərhələli şəkildə inteqrasiyası hədəflənir. Xüsusilə M-code kimi tanınan hərbi siqnallar siqnal boğma və aldatma cəhdlərinə qarşı daha dayanıqlı quruluşu ilə seçilir.
“Ən yaxşı həll artıq OCX deyil”
OCX proqramının gələcəyi ilə bağlı sualları artıran mühüm inkişaflardan biri də “Lockheed Martin”ə verilən 105 milyon dollarlıq yeni müqavilə olub. Bu saziş gələn ildən etibarən buraxılması planlaşdırılan GPS IIIF peyklərinin əməliyyat inteqrasiyasını dəstəkləyəcək yerüstü sistemlərin hazırlanmasını əhatə edir.
GPS III və IIIF peyklərini istehsal edən “Lockheed Martin” bununla da yeni nəsil peyklərin yerüstü sistemlərlə uyğunluğunu təmin edəcək kritik prosesdə birbaşa rol alıb.
ABŞ Kosmik Qüvvələrinin rəsmiləri OCX üzərində qalan iş yükü ilə mövcud sistemin modernizasiya imkanlarının müqayisə edildiyini və aparılan təhlillər nəticəsində layihənin davam etdirilməsinin artıq ən uyğun seçim olmadığı qənaətinə gəlindiyini açıqlayıblar.
Sevinc Əliyeva
Ordu.az