Ordu.az xəbər verir ki, pilotsuz sistem, təyyarə və gəmi yatırımları ön plana çıxarkən, yalnız pilotsuz sistemlərə ayrılan 53,6 milyard dollar diqqət çəkib.
ABŞ Müharibə Nazirliyi Prezident Donald Tramp tərəfindən tələb olunan 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını ictimaiyyətlə bölüşüb. Açıqlanan rəqəm İkinci Dünya müharibəsindən sonrakı dövrdə illik əsasda qeydə alınan ən böyük müdafiə xərcləri artımı kimi tarixə düşüb.
Pentaqonun yeni büdcə planında diqqət çəkən ən mühüm dəyişikliklərdən biri “prezident prioritetləri” adlanan yeni xərc kateqoriyası olub. Bu başlıq altında “Golden Dome” (Qızıl Günbəz) raketdən müdafiə sistemi, pilotsuz uçuş aparatı üstünlüyü, süni zəka və məlumat infrastrukturu, eləcə də müdafiə sənayesi təchizat zənciri kimi kritik sahələrə yatırım qoyulması nəzərdə tutulur.
Ötən il müdafiə büdcəsi 892,6 milyard dollar səviyyəsində idi, əlavə 150 milyard dollarlıq əlavə büdcə ilə ümumi məbləğ ilk dəfə 1 trilyon dolları keçmişdi. Yeni plan bu miqyası radikal şəkildə genişləndirir.
Donanma və hava gücünə nəhəng vəsait
Büdcənin ən böyük maddələrindən biri gəmiqayırma proqramı olub. 65 milyard dolları aşan vəsaitlə 18 döyüş gəmisi və 16 dəstək gəmisinin tədarük edilməsi planlaşdırılır. Bu proqram “Golden Fleet” (Qızıl Park) adı ilə həyata keçirilir və 1962-ci ildən etibarən verilən ən böyük gəmi sifarişi kimi qiymətləndirilir.
Hava gücü sahəsində isə F-35 döyüş təyyarəsi istehsalının illik 85 ədədə çatdırılması hədəflənir. Bundan başqa, təyyarə tədarükü və AR-GE üçün ayrılan 102 milyard dollarlıq büdcə əvvəlki illə müqayisədə 26 faiz artım deməkdir. “Boeing” istehsalı yeni nəsil F-47 döyüş təyyarəsi və “Northrop Grumman”ın B-21 bombardmançı təyyarəsi də proqramın kritik hissələri arasında yer alır.
Pilotsuz sistemlərə tarixdə ən böyük yatırım
Büdcədə ən diqqətçəkən artımlardan biri pilotsuz sistemlərdə qeydə alınır. Pentaqon pilotsuz uçuş aparatları və antidron texnologiyaları üçün ümumilikdə 53,6 milyard dollar vəsait ayırır. Bundan əlavə, 21 milyard dollar sursat, zərbə pilotsuz aparatları və müdafiə sistemlərinə yönəldilir.
“Defense Autonomous Warfare Group” (DAWG) adlı bölmə isə bu büdcənin mərkəzində dayanır. Əvvəllər təxminən 225 milyon dollar səviyyəsində olan bu strukturun büdcəsi təxminən 54 milyard dollara yüksəldilir.
Bundan başqa, 20,6 milyard dollarlıq əlavə paketlə bir istiqamətli zərbə pilotsuz aparatları və pilotsuz döyüş təyyarələri istehsal ediləcək. Bu sistemlər insanlı döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərə biləcək şəkildə hazırlanan “Collaborative Combat Aircraft” proqramı çərçivəsində inkişaf etdirilir. Həmin büdcədən MQ-25 yanacaq doldurma pilotsuz aparatı və kiçik pilotsuz sistemlərə qarşı müdafiə həlləri də maliyyələşdiriləcək.
Yalnız pilotsuz sistemlərə ayrılan vəsait belə qlobal miqyasda diqqətçəkən səviyyədədir. 53,6 milyard dollarlıq pilotsuz sistem yatırımı bir çox ölkənin ümumi müdafiə büdcəsini geridə qoyacaq həddə çatır və dünyadakı ən yüksək ilk 10 hərbi xərc planı sırasına daxil olur. Ümumi 1,5 trilyon dollarlıq müdafiə büdcəsi 1,15 trilyon dollarlıq əsas tələb və 350 milyard dollarlıq əlavə büdcə maddəsindən ibarətdir. İran müharibəsində olmuş və olacaq xərclər isə paketə daxil deyil.
Sevinc Əliyeva
Ordu.az