Bu materialda müasir döyüş meydanında sürətlə yayılan avtonom həllər və bunların müharibə doktrinalarına təsiri araşdırılır. Müasir döyüş meydanlarının ayrılmaz elementlərinə çevrilən pilotsuz uçuş aparatları, aşağı xərclə ciddi zərər vura bilir. Son dövrlərdə isə bu vasitələri eyni şəkildə xərc baxımından səmərəli şəkildə məhv etmək üçün hazırlanmış önləyici sistemlər ön plana çıxmağa başlayıb. Rusiyanın “Yolka” adlı sistemi də bu yeni yanaşmanın diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilir.
2025-ci il etibarilə ilk dəfə görüntülənən “Yolka” önləyici pilotsuz uçuş aparatı sistemi, xüsusilə FPV tipli kiçik pilotsuz uçuş aparatları və bombardmançı pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış, aşağı dəyərli və birdəfəlik istifadə olunan kinetik önləmə platforması kimi xarakterizə edilir. Sistem hədəfi müəyyən etdikdən sonra operatorun davamlı müdaxiləsinə ehtiyac olmadan “atdım-untudum” prinsipi ilə işləyir və toqquşma yolu ilə məhv etməni həyata keçirən quruluşa malikdir.
Aşağı dəyərli önləyici konsepsiyası
Təxminən 500 dollarlıq “Yolka”nın əsas iş prinsipi partlayıcı istifadə etmək əvəzinə tamamilə kinetik enerji ilə hədəfə çırpılıb onu məhv etməyə əsaslanır. Təxminən 230 km/saat sürətə çata bildiyi qeyd olunan sistemin 1,3 kiloqramlıq kompakt quruluşa malik olduğu və birdəfəlik istifadə üçün istehsal edildiyi bildirilir. Bu yanaşma yüksək dəyərli raket sistemlərinə alternativ kimi hazırlanmış daha qənaətli müdafiə qatına işarə edir.
Sistemin mənzili mənbələrə görə təxminən 3 kilometrə qədər çata bilir. Daşına bilən əl buraxıcısından atıla bilən “Yolka” sahədəki bölmələrə sürətli yerləşdirmə imkanı təqdim edəcək şəkildə hazırlanıb. Rusiya mənbələri sistemin xüsusilə ön cəbhədə qəfil pilotsuz uçuş aparatı hücumlarına qarşı nöqtə müdafiəsi qabiliyyəti formalaşdırmaq üçün istifadə olunduğunu bildirir.
“Yolka”nın ən kritik komponentlərindən biri hədəf izləməni dəstəkləyən optik sensorlar və süni zəka əsaslı yönləndirmə sistemidir. Sistem buraxıldıqdan sonra hədəfi özü izləyə bilir və uçuş trayektoriyasını real vaxtda yeniləyə bilir. Bu xüsusiyyət insan müdaxiləsindən asılılığı azaltmaqla reaksiya müddətini qısaltmağı hədəfləyir.

Rusiya tərəfindən verilən açıqlamalarda hər bir “Yolka” vahidinin hədəfi müstəqil şəkildə müəyyən edə bildiyi və avtonom manevr qabiliyyəti sayəsində uğur nisbətini artırdığı iddia olunur. Bu isə sistemin təkcə sadə sursat yox, yarı avtonom hava önləmə platforması kimi mövqeləndirildiyini göstərir.
Digər tərəfdən, “Yolka” sistemi bütün hava şəraitində eyni performansı nümayiş etdirmir. Açıq mənbələrdə yer alan məlumatlara görə, sistem ən səmərəli şəkildə yaxşı görünüş şəraitində və gündüz saatlarında işləyir. Yağışlı hava və zəif görünüş şəraitində effektivliyinin nəzərəçarpacaq dərəcədə azaldığı, gecə istifadəsində isə kamera məhdudiyyətləri səbəbindən performans itkisi yaşandığı bildirilir.
Seriyalı istehsala da daxil olub
2025-ci ilin ortalarında ilk dəfə qeydə alınan “Yolka” sistemi qısa müddətdə Rusiya bölmələri arasında geniş yayılmağa başlayıb. Açıqlamalara görə, sistem Moskvada hazırlanıb və istehsal edilib, həmçinin müxtəlif modernizasiya paketləri ilə davamlı şəkildə yenilənir. 2026-cı il etibarilə seriyalı istehsal mərhələsinə keçildiyi və sistemin müxtəlif modifikasiyalarla sahəyə paylandığı bildirilir.

Rusiya mənbələri həmçinin “Yolka”nın fərqli konfiqurasiyalarda istifadə oluna bildiyini, bəzi versiyalarının radar sistemləri ilə inteqrasiya edildiyini və bununla da daha geniş aşkarlama şəbəkəsi yaradıldığını bildirir. Bu yeni konfiqurasiyada radar yaxın məsafədəki düşmən pilotsuz uçuş aparatı elementlərini müəyyən edir və “Yolka”nı işə salır. Beləliklə, sistemdən insan elementi çıxarılmış olur.
Rusiya ilə Ukrayna arasındakı müharibədə konkret şəkildə görünən ən vacib cəhətlərdən biri də modulluqdur. Hər iki tərəf hazırladıqları sistemləri çox fərqli konfiqurasiyalar və platformalar üzərində yenidən şərh edə bilir. Bunun sayəsində yeni məhsul hazırlanmasının dəyəri də azalır.
“Yolka” Rusiyanın FPV pilotsuz uçuş aparatı təhdidinə qarşı hazırladığı yeganə həll deyil. Daha əvvəl müxtəlif müdafiə tədbirlərində “Skvorets” PVO, BOLT, “Ovod” PVO və “Krestnik M” kimi fərqli süni zəka dəstəkli önləyici sistemlər də təqdim olunmuşdu. Bu sistemlərin bir qismi də oxşar şəkildə avtonom izləmə və toqquşma metoduna əsaslanır. Bundan başqa, pilotsuz uçuş aparatlarını fiziki olaraq zərərsizləşdirmək üçün tor atma mexanizmlərinin istifadə edildiyi “Osoed” seriyası kimi alternativ həllər də gündəmə gəlir.
Sevinc Əliyeva
Ordu.az