Ordu.az xəbər verir ki, “Boeing” ilə rəqabət davam edərkən qərar prosesi yaxınlaşır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı nəsil döyüş təyyarəsi proqramı F/A-XX üçün rəqabət qızışarkən “Northrop Grumman” diqqətçəkən addım atıb. Şirkət “X” sosial media platformasında paylaşdığı qısa video ilə hazırladığı konsept təyyarəyə dair indiyədək ən aydın görüntüləri ortaya qoyub.
Paylaşımın vaxtı isə təsadüfi deyil. 2026-cı il aprelin 20-də keçirilən “Sea-Air-Space 2026” tədbirində çıxış edən ABŞ Hərbi Dəniz Qüvvələri Əməliyyatlar Şefi admiral Deril Kodl F/A-XX proqramında “Northrop Grumman” ilə “Boeing” arasında ediləcək seçimin tezliklə dəqiqləşə biləcəyini açıqlayıb. Bunun dərhal ardından “Northrop Grumman”ın baş icraçı direktoru Keti Uorden şirkətin bu təyyarəni istehsal etmək üçün zəruri sənaye gücünə malik olduğunu vurğulayıb.
Quyruqsuz quruluş və qabaqcıl stels xüsusiyyətləri

Yayımlanan yeni görüntülər F/A-XX konsepsiyasının ən diqqətçəkən cəhətlərindən birinin quyruqsuz (tailless) dizayn olduğunu açıq şəkildə nümayiş etdirir. Əvvəlki ipuclarında görünən gövdə xətləri qorunarkən, bu dəfə şaquli stabilizatorun tamamilə aradan qaldırıldığı görünür. Bu seçim təyyarənin həm yüksək, həm də aşağı tezlikli radar sistemlərinə qarşı izini azaltmağı hədəfləyən kritik stels addımı kimi qiymətləndirilir.
Stels yönümlü digər mühüm detal isə hava girişlərinin gövdənin yuxarı hissəsində yerləşdirilməsidir. Üst səthdə yerləşdirilən hava girişləri təyyarənin yerüstü radarlar və infraqırmızı sensorlar tərəfindən aşkar edilməsini çətinləşdirir. Lakin bu dizaynın yüksək hücum bucaqlarında performans problemləri yarada biləcəyi ilə bağlı tənqidlər də var. Buna baxmayaraq, altıncı nəsil platforma olaraq F/A-XX-in yaxın hava döyüşlərindən daha çox uzaq mənzilli nişanalmalara yönələcəyi düşünülür.
Konsepsiya dizaynında ön plana çıxan digər element almaz formalı qanad quruluşudur. Bu quruluş yüksək sürətdə uçuş səmərəliliyi və uzun mənzil üstünlüyü təqdim etmə potensialına işarə edərkən, aşağı sürətli manevr qabiliyyətində müəyyən güzəştlərə gedilmiş ola biləcəyi düşünülür. Qanad uclarının yuxarı doğru qatlanan formada dizayn edilməsi isə təyyarənin aviadaşıyıcılarda istifadə üçün optimallaşdırıldığını aydın şəkildə göstərir.
Təyyarənin eniş qurğusu detalları da bu fikri dəstəkləyir. Burun hissəsində yerləşən ikitəkərli gücləndirilmiş eniş qurğusu və katapult buraxılış çubuğu F/A-XX-in CATOBAR (Catapult Assisted Take-Off Barrier Arrested Recovery) sisteminə uyğun olacağını göstərir.
Görüntülərdə diqqət çəkən geniş kokpit kanopisi F/A-XX-in iki nəfərlik varianta malik ola biləcəyi ilə bağlı ehtimalları da gücləndirib. Bu ssenaridə ikinci heyət üzvünün, xüsusilə yüksək missiya yükü tələb edən əməliyyatlarda pilotsuz “loyal wingman” (sadiq qanad yoldaşı) aparatlarının idarəsini üzərinə götürməsi gözlənilir.
YF-23 irsi və çoxrollu missiya profili

Ümumi dizayn xətləri incələndikdə “Northrop Grumman”ın konsepsiyasının 1990-cı illərdə F-22-yə uduzan YF-23 “Black Widow II” ilə açıq bənzərliklər daşıdığı görünür. Bununla belə, F/A-XX-in ABŞ Hərbi Hava Qüvvələrinin diqqət yetirdiyi sırf hava üstünlüyü platformasından fərqli olaraq, çoxrollu missiya quruluşuna malik döyüş təyyarəsi olması planlaşdırılır.
Bu xüsusiyyətlərin nə qədərinin real prototipə əks olunacağı hələ məlum deyil, lakin açıqlanan detallar F/A-XX-in gələcəkdə dəniz hava gücünün onurğa sütununu təşkil edə biləcək iddialı platforma olacağını göstərir.
Digər tərəfdən, ABŞ Hərbi Hava Qüvvələri üçün isə F-47-nin inkişaf prosesi davam edir. Məlum olduğu kimi, F-47 tenderinin qalibi “Boeing” olmuşdu.
Sevinc Əliyeva
Ordu.az