Ordu.az xəbər verir ki, “İlk uçuşun yerdə məşqi: Tamölçülü statik sınaq” başlığı ilə təqdim olunan materialda KAAN-ın uçuşdan əvvəlki ən kritik mərhələlərindən biri olan tamölçülü statik sınaq prosesi ətraflı şəkildə şərh olunub.
Milli Döyüş Təyyarəsi KAAN layihəsi çərçivəsində istehsal olunan tamölçülü statik sınaq təyyarəsi anqardan çıxarılıb. KAAN tamölçülü statik sınaq prosesində struktur performansını nümayiş etdirərkən, özü ilə birlikdə çoxsaylı çətin sınaqlardan da keçir.
Müasir döyüş təyyarəsinin ilk uçuşu çox vaxt səmada görünən qısa müddətli uğur kimi qəbul olunur. Lakin mühəndislik baxımından yanaşdıqda, həmin uçuşun arxasında uzun proses dayanır və səma ilə ilk görüşün təməli yerdə aparılan sınaqlarla qoyulur. Beşinci nəsil, yüksək manevr qabiliyyətli və aşağı radara görünmə qabiliyyətli platforma olduğu halda isə uçuşdan əvvəl aparılan tamölçülü statik sınaqlar (Full Scale Static Test - FSST) ən kritik təhlükəsizlik baryerlərindən biri hesab olunur.
KAAN havadakı bütün şəraitə hazır olacaq
Şirkət tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsi KAAN kimi yüksək struktur performans tələblərinə malik təyyarədə tamölçülü statik sınaq yalnız dayanıqlılığın təsdiqlənməsi deyil, eyni zamanda dizaynın doğrulanması, model korrelyasiyası, sertifikatlaşdırma infrastrukturu və uçuş təhlükəsizliyi baxımından strateji dönüş nöqtəsidir. Tamölçülü statik sınaq üçün KAAN struktur baxımından uçacaq versiyanın proyeksiyası formasında istehsal edilib.
KAAN-ın minlərlə fut yüksəklikdə, yüksək G qüvvələri altında, çoxsaylı çətin şəraitdə parçalanmadan, əyilmədən və ya funksional itki yaşamadan missiya yerinə yetirə bilməsi üçün yerüstü sınaq qurğusunda sərhədlər zorlanıb. KAAN-a tətbiq edilən tamölçülü statik sınaq proqramının əsas diqqət nöqtələri bunlardır:
Limit yükünün doğrulanması: Əməliyyat zamanı qarşılaşa biləcəyi ən yüksək yüklərin sınağı
Son yük: Limit yükün 1,5 qatı altında konstruksiyanın təhlükəsizlik marjasının sübut edilməsi
FEM korrelyasiyası: Rəqəmsal mühitdəki Sonlu Elementlər Modeli ilə fiziki reallığın uyğunluğu
Sertifikatlaşdırma: Uçuş zərfinin təhlükəsiz şəkildə açılması üçün hüquqi sübut təqdim edilməsi
KAAN-ın gövdəsinə düşən aerodinamik yükləri simulyasiya etmək nəhəng mexaniki orkestri idarə etməyə bənzəyir. Statik sınaq qurğusu təyyarənin hər nöqtəsinə müxtəlif bucaqlardan qüvvə tətbiq edən mürəkkəb arxitekturaya malikdir.
Sınaq qurğusunda istifadə edilən 200-dən çox yüksək tutumlu hidravlik piston qapalı dövrəli idarəetmə sistemi ilə sinxron işləyir. Lakin bu nəhəng qüvvələrin təyyarəyə zərər verməməsi üçün yüklər 300-dən çox xüsusi dizayn edilmiş yükləmə yastığı (load pad) və kürə formalı birləşməli yükləmə ağacları vasitəsilə səthə paylanaraq təyyarəyə bərabər şəkildə yayılır. Mütəşəkkil çalışan bu hidravlik piston dəsti havadakı bütün şəraiti yer üzünə endirərək pilotların təyyarəni məcbur edə biləcəyindən daha artığını yerinə yetirmək üçün nəzərdə tutulub.
Statik sınaq yalnız xaricdən basmaq, çəkmək deyil, təyyarəni daxildən də şişirtməkdir. Tamölçülü statik sınaq ilə:
Yanacaq çəni yükləri: Daxili çənlər hava/maye ilə doldurularaq konstruksiyalarının bu təzyiqə qarşı dayanıqlılığı sınaqdan keçirilir.
Kokpitin təzyiqləndirilməsi: Yüksək hündürlükdəki təzyiq fərqi (diferensial təzyiq) təqlid edilərək gövdə panellərinin möhkəmliyi təsdiqlənir.
Konstruksiyanın sinir sistemi: 5 min kanallı məlumat şəbəkəsi
Sınaq zamanı KAAN minlərlə sensor vasitəsilə sanki danışır. Statik sınağın ürəyi təyyarənin struktur reaksiyalarını anlıq olaraq rəqəmsal məlumata çevirən məlumat toplama sistemidir.
Ölçmə infrastrukturu
5 minə yaxın gərinimölçən (strain gage) kanalı: Kritik birləşmə nöqtələri və qanad kökləri ən az ölçüm alınan bölgələr deyil; bütün sahələrdəki gərginlik ölçmələri gərinimölçənlər vasitəsilə aparılır.
LVDT sensorları: Struktur əyilmələrini ölçə bilmək üçün zəruri olan hidravlik porşenlərin üzərinə və təyyarədə müəyyənləşdirilən nöqtələrə yerləşdirilərək məsafə dəyişiklikləri izlənir. Beləliklə, qanad ucundan kökünə qədər hər hissədə nə qədər əyilmə olacağı qeydiyyata alınır.
Yük elementləri və təzyiq sensorları: Tətbiq edilən qüvvə təsdiqlənir.
Bu nəhəng məlumat axını əsas gərginlik istiqamətlərini, lokal manevr davranışlarını və yük ötürmə mexanizmlərini canlı şəkildə izləməyə imkan verir. Bütün bu ölçmələr KAAN-ın havada məruz qalacağı yüklər qarşısında verəcəyi reaksiyaların mühəndis heyəti tərəfindən yerində anlaşılmasına şərait yaradır.
Risklərin idarə olunması və limitlər
Hər bir statik sınaq özü ilə yüksək risklər gətirir. Gözlənilməz lokal axma və ya pistonlarda millisaniyəlik sinxronizasiya itkisi prototipə zərər verə bilər. Bu səbəbdən yükləmələr çox yavaş və mərhələli üsulla irəliləyərək təyyarəyə tətbiq olunur. Mühəndislər hər mərhələdə həm yükləmələrin düzgün getdiyini, həm də təyyarənin statik baxımdan düzgün vəziyyət və mövqedə olduğunu yoxlayırlar.
Pistonların müəyyənləşdirilmiş yüklərdən kənara çıxmaması üçün yük limitləri çox detallı araşdırmalarla müəyyən edilir. Müəyyən olunmuş limitlərdən kənara çıxıldıqda sistem avtomatik dayanır.
Sınaq məlumatları anlıq olaraq ekranlarda izlənir. Məlumatlar dizayn göstəriciləri ilə canlı şəkildə müqayisə olunur və mümkün anomaliyalar əvvəlcədən görülərək tədbir görülə bilir.
Statik sınaq uğuru yeni dönüş nöqtəsi olacaq
Tamölçülü statik sınaqlar uğurla tamamlandıqda ortaya çıxan mənzərə mühəndislik şah əsəridir. 200-dən çox porşen, 5 min sensor və tonlarla yük altında KAAN yerdə hərəkətsiz dayanır, amma əslində həmin an ən çətin missiyasını yerinə yetirir.
İlk uçuşu mümkün edən o böyük inam əslində sınaq binasında əldə edilən minlərlə məlumatın işığında, səma ilə görüşməzdən əvvəl qazanılır. KAAN-ın statik sınaq uğuru Türkiyənin aviasiya tarixində ən böyük struktur doğrulama zəfərlərindən biri kimi qeydə düşəcək.
Sevinc Əliyeva
Ordu.az