Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Açıqlanan maliyyə nəticələri göstərir ki, Qəzza və Ukraynada davam edən münaqişələr, Rusiyanın Avropa hava məkanını pozması, Çinin Tayvan ətrafındakı fəaliyyəti və Qırmızı dənizdəki gərginliklərdən sonra güclü keçən 2025-ci ildən sonra 2026-cı il də sektor üçün olduqca güclü olacaq.
Artan geosiyasi gərginliklər səbəbindən daha çox ölkə hərbi avadanlıq sifariş edir, artıq münaqişə içində olan ölkələr isə ehtiyatlarını yeniləmək və sistemlərini işlək vəziyyətdə saxlamaq üçün xərclərini artırırlar.
RTX, “Northrop Grumman” və “GE Aerospace” kimi ABŞ müdafiə nəhəngləri ilin birinci rübündə sifarişlərdə artım olduğunu açıqlayıblar.
RTX-in baş icraçı direktoru Kris Kalio Yaxın Şərqdəki münaqişənin “qalıcı həllə qovuşmasına” ümid etdiklərini bildirərək, şirkətin Pentaqonla birlikdə sursat istehsalını sürətləndirmək üçün çalışdığını deyib.
ABŞ rəsmiləri son aylarda başda “Tomahawk”, “Patriot” və GEM-T raketləri olmaqla müxtəlif silah sistemlərinin istehsalını artırmağa yönəlmiş yeni sazişlərin bağlandığını açıqlayıblar.
RTX tərkibində fəaliyyət göstərən “Raytheon”un daha əvvəl Pentaqonla imzaladığı beş böyük saziş Kalio tərəfindən “milli təhlükəsizlik baxımından həyati əhəmiyyətli” adlandırılıb. Şirkət istehsal gücünü artırmaq üçün artıq təxminən 900 milyon dollar yatırım edib.
Kalio vurğulayıb ki, mövcud təhlükəsizlik mühiti sursatlara, dərin ehtiyat tutumuna, inteqrasiya olunmuş hava hücumundan müdafiə və raketdən müdafiə texnologiyalarına, eləcə də qabaqcıl imkanlara ehtiyacı açıq şəkildə ortaya qoyur. O əlavə edib ki, şirkət həm ABŞ daxilində, həm də beynəlxalq bazarda çox güclü tələbat görür.
İstehsal artımı və yeni yatırımlar
Oxşar şəkildə “GE Aerospace” də birinci rübü “güclü” adlandıraraq, gəlirlərin “dinamik geosiyasi mühit”in təsiri ilə 25 faiz artdığını açıqlayıb.
Şirkətin baş icraçı direktoru Larri Kulp Yaxın Şərqdəki müharibənin və onun təsirlərinin yay aylarına qədər davam edə biləcəyini proqnozlaşdırdıqlarını bildirib. Kulp həmçinin qeyd edib ki, ABŞ və müttəfiq qüvvələrin ehtiyaclarını qarşılamaq üçün müdafiə proqramlarında yüksək prioritetli tələblərə sürətlə cavab verirlər.
Lakin “Boeing” və “Airbus” üçün mühərrik istehsal edən şirkət Yaxın Şərqə səyahətlərin azalması səbəbindən texniki xidmət fəaliyyətlərində də mənfi təsirlər yaşayıb.
“Northrop Grumman” tərəfində isə prioritet alınan sifarişlərin mümkün qədər tez çatdırılmasıdır. Baş icraçı direktor Keti Uorden bildirib ki, şirkət son iki ildə ABŞ üzrə 20 yeni istehsal müəssisəsi qurub.
Uorden vurğulayıb ki, İranla yaşanan münaqişə təcili ehtiyac hissini daha da artırıb.
RTX-in baş icraçı direktoru Kalio da qeyd edib ki, Pentaqonla bağlanan son sazişlər təchizat zəncirinə uzunmüddətli proqnozlaşdırma imkanı verərək yatırımları təşviq edəcək.
ABŞ müdafiə nazirinin müavini Culs Harst isə bildirib ki, Prezident Donald Tramp 2027 maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi istəyib. Harst bu tələbi “ABŞ ordusu üçün nəsillər boyu davam edəcək yatırım” kimi xarakterizə edib.
Həmin büdcənin 42 faizlik artım demək olduğunu bildirən Harst qeyd edib ki, bu, böyük silah sistemlərinin istehsalını artıracaq, təchizat zəncirlərini gücləndirəcək və on minlərlə kiçik və orta sahibkarlıq subyektini dəstəkləyəcək.
Müdafiə fəaliyyəti olan “Boeing”in çərşənbə, “Lockheed Martin”in isə cümə axşamı maliyyə nəticələrini açıqlayacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az